Lamborghini şirkəti dünən Sant’Aqata Bolonyezedə keçirilən xüsusi tədbirdə ilk krossoveri olan Urus modelini təqdim edib.

Krossoverin qabarit uzunluğu 5112 millimetr, eni – 2016 millimetr, hündürlüyü - 1638 millimetr, təkər bazasının uzunluğu isə, 3003 millimetrdir. Lamborghini Urus krossoverinin çəkisi 2200 kiloqrama bərabərdir. Krossoverin baqaj bölümünün həcmi 616 litr təşkil edir ki, arxa oturacaqların qatlanması halında bu rəqəm 1596 litrə qədər artırıla bilər. Standart olaraq krossover arxa “divanla” təchiz ediləcəkdir. Lakin, opsional iki yerli arxa cərgəni də sifariş etmək mümkündür.

Yeni krossover Volkswagen qrupunun MLB Evo modul platformasında inşa edilib.

Bu platformadan Audi Q7,  Porsche Cayenne və Bentley Bentayga modellərinin istehsalı zamanı istifadə edilir. Urus tamamilə aliminumdan hazırlanmış kuzova, tam idarələnən şassiyə, həmçinin aktiv arxa differensiala və elektromexaniki aktiv stabilizatorları olan pnevmatik adaptiv asqıya malikdir. 

Bənzər 48 voltluq şəbəkədən qidalanan və yana əyilmələrin qarşısını alan sistemdən Porsche Cayenne, Bentley Bentayga və Audi Q7 modellərində də istifadə edilir. Krossover ön differensiala, mərkəzi Torsen differensialına və dartma vectoruna nəzarət funksiyalı arxa differensiala malik olan tam çəkiş sistemi ilə təchiz edilir.

Lamborghini Urus 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və səkkiz diapazonlu ZF avtomatik ötürmələr qutusu ilə təklif edilir. Bu tandem 100 kilometrə qarışıq rejimdə 12,7 litr yanacaq sərf edir. Qeyd etmək lazımdır ki, Lamborghini modellərində avtomatik qutu ilk dəfə Urus modelində tətbiq edilib. 

Avtomobil yerindən 100 km/saat həddinə 3,6 saniyəyə, 200 km/saat həddinə isə 12,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 305 km/saatdır ki, bu da Urus modelini dünyanın ən sürətli krossoveri edir. Bu günə qədər dünyanın ən sürətli krossoveri 301 km/saat maksimal sürət həddinə malik olan Bentley Bentayga sayılırdı. 100 km/saat sürətindən tam dayanmaq üçün krossoverə 33,7 metr kifayət edir. Urus 158-248 millimetr (pnevmatik asqı ilə) arasında dəyişən klirensə malikdir.

Eyni zamanda, Urus dünyada ən iri ölçülü karbon-saxsı əyləc mexanizmlərinə sahib olub. Avtomobil öndə 10 porşenli 440 millimetrlik, arxada isə, 4 porşenli 370 millimetrlik mexanizmlərə malikdir. Misal üçün, Bugatti Chiron hiperkarı 420-millimetrlik disklərə malikdir. Krossoverin təchizatına 1700 vattlıq Bang&Olufsen səs sistemi, dairəvi müşahidə, öndən toqquşmaları xəbərdar edən, baqaj qapağının toxunuşsuz açılması və smartfonların induksion doldurulması sistemləri daxil edilib. 

Standart olaraq Lamborghini Urus öndə 285/45 R21, arxada isə 315/40 R21 şinləri geyindirilmiş 21-düymlük təkər diskləri ilə təchiz edilir. Opsional olaraq 285/35 R23 və 325/30 R23 şinləri ilə təchiz edilən 23-düymlük təkər diskləri təklif ediləcəkdir.

Lamborghini Urus modeli vətənində 168852 avrodan başlayan qiymətlərlə satılacaqdır. Yeni krossoverin Azərbaycan bazarındakı satışlarının nə zaman başlanacağı və onun satış qiyməti hələlik məlum deyildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt