Mercedes-Benz Volvo şirkəti ilə əməkdaşlıq etmək niyyətindədir

Mercedes-Benz markasını sahibi olan Daimler AG konserni Volvo şirkətinin mühərrik və komponentlər təchizatçısı, həmçinin minoritar səhmdarı ola bilər. Bundan başqa, şirkətlər texnoloji tərəfdaşlıq barədə müqavilə imzalamaq niyyətindədirlər. Bu əməkdaşlıq elektromobillər üçün platformanın və avtonom idarəetmə sistemlərinin hazırlanmasını da nəzərdə tutur.

Xatırladaq ki, çinli iş adamı Li Şufu alman Daimler AG konserninin ən iri səhmdarı olub. Geely şirkətinin sahibi olan Şufu alman konserninin 9,69 faizlik səhmlər paketini əldə edib. Bununla belə, Reuters agentliyi Şufunun bu səhmləri əldə etmək üçün 9 milyard dollar sərf etdiyini bildirib.

Agentlik Geely menecerlərinin yaxın zamanlarda Daimler AG rəhbərliyi ilə görüşüb gələcək əməkdaşlıq planlarını müzakirə edəcəyini də bildirib.  Li Şufu öz şirkətinin Daimler AG konserni ilə elektromobillərin və avtonom idarə etmə sistemlərinin yaradılması sahəsində əməkdaşlıq edəcəyini qeyd edib.

Volvo şirkəti Zhejiang Geely Holding Group holdinqinin tərkibinə 2010-cu ilin yayında daxil olub. Çin qrupu isveç markasının 100 faizlik paketini Ford şirkətindən 1,8 milyard dollara satın alıb.  Volvo ilə yanaşı Geely Lotus, Proton və Polestar markalarının sahibidir. Çin qrupuna daxil olduqdan sonra Volvo model xəttini tamamilə yeniləyib, həmçinin yeni üç və dörd silindrli mühərrikləri və SPA və CMA modul platformalarını hazırlayıb.

2015-ci ildə Volvo şirkətinin satışları ilk dəfə olaraq yarım milyonu keçib.

ДРУГИЕ СТАТЬИ