Mercedes komandası növbəti dəfə Ferrari azarkeşlərini Monzada məyus edib. Ferrari komandasının fin pilotu Kimi Rəykkonen Lyuis Həmiltonun hücumlarına davam gətirməyərək qələbəni əldən verib. Scuderia Ferrari komandasının alman pilotu Sebastyan Fettel isə ilk dövrədə rəqibi ilə təmas yaşayaraq peletonun sonuna qədər geriləyib.

Həmilton, restartdakı qısa epizodu nəzərə almasaq, yarışın əksər hissəsini Rəykkonenin arxasında keçirib.  Restartda irəli çıxan Həmilton mövqeyini qoruya bilməyib və yenidən Kimiyə keçillib. Lakin, Rəykkonen liderlər arasında birinci pit-stopa yollanan pilot olub və pitdən çıxdıqdan sonra Mercedes pilotlarının arxasında qalıb.  Həmiltonun pit-stopundan sonra alman komandası gözlənilən məntiqi addımı atıb - Bottasın pit-stopunu gecikdirərək Həmiltonun Rəykkonenə yaxınlaşmasını təmin edib. Daha yeni şinlərə malik olan Həmilton Kimi ilə olan beş saniyəlik fərqi qapadaraq 45-ci dövrədə fin pilotu keçməyə müvəffəq olub.

Bundan sonra Lyuisə avtomobilini sağ-salamat finişə gətirib-çıxarmaq qalıb. Beləliklə, Kimi 2013-cü il Avstraliya Qran Prisindən bu günə qədər qələbəsiz yarış seriyasını davam etdirib.

Red Bull pilotu Maks Ferstappen damalı bayrağı görən üçüncü pilot olsa da, podiuma qalxa bilməyib - stüardlar hollandiyalıya Bottasla qəzasına görə 5 saniyəlik cəza veriblər. Beləliklə, Maks Bottas və Fettelin arxasında sıralanıb. Onun komanda yoldaşı Daniel Rikkardo isə ümumiyyətlə yarışı başa vurmayıb.

Fettel üçün yarış çox uğursuz başlayıb. Startda komanda yoldaşını keçə bilməyən alman pilot Həmiltonun hücumuna məruz qalıb. Bu mübarizə iki pilotun toqquşması ilə başa çatıb. Fettel 18-ci yerə geriləyib və bütün yarış boyu irəliləyib. Alternativ pit-stop strategiyası sayəsində alman pilot ilk beşliyə daxil olmağı bacarıb. 

Romen Qrojan altıncı yerdə finiş görsə də, avtomobili texniki tələblərə cavab verməyən fransız pilot diskvalifikasiya edilib. Bu cəza rusiyalı Sergey Sirotkinə ilk xalını qazanmağa imkan verib. Altıncılıq isə Esteban Okona qismət olub. Onu komanda yoldaşı Serxio Peres təqib edib. Karlos Sayns səkkizinci, Lens Stroll isə doqquzuncu yerə yüksəlib.

Monzadakı yarışdan sonra Həmilton ilə Fettel arasında olan xal fərqi otuza yüksəlib.

Belə davam edərsə, Fettel beşinci tutul qazanmaq şansı ilə vidalaşmalı olacaqdır. Konstruktorlar kubokunda isə Mercedes Ferrari'ni 25 xal üstələyir.

Image alt Image alt Image alt Image alt Image alt