Audi şirkəti 2019-cu ildən sonra alman kuzov çempionatındakı iştirak şərtlərini səsləndirib.

Böyük Britaniyada keçirilən mərhələ zamanı Audi Motorsport rəhbəri Diter Qass, Mercedes’in çempionatı tərk etməsinə baxmayaraq, Audi markasının 2019-cu ildə DTM-də çıxış edəcəyini təsdiq edib. O, hətta komandanın, mühərriklər üzrə yeni reqlamentə keçidə qədər, çıxış edən avtomobillərin sayını səkkizə qədər artırmağa hazır olduğunu da qeyd edib.

Artıq Audi şirkəti bunu rəsmi olaraq təsdiq edib və DTM və Formula E çempionatlarında iştirak edəcəyini bildirib. Lakin, şirkətin bildirişində maraqlı bir şərt də vardır.

Almanlar 2020-ci ildə çempionatda üç markanın iştirak etməsini istəyirlər və yalnız bu halda çempionatda iştirak etməyə davam edəcəklərini qeyd ediblər. Mizanoda keçən mərhələ zamanı BMW Motorsport rəhbəri Yens Markvardtda eyni fikirlə çıxış edib: “Biz DTM-ə sadiqik və çempionatın rəhbərliyini tam dəstəkləyirik. 2020-ci ildə üçüncü istehsalçının iştirakını istəyirik və bu da ITR qarşısında duran əsas məsələdir”.

2020-ci ildə Aston Martin şirkətinin DTM çempionatına qatılacağı gözlənilir.