The Korean Car Blog saytı bu gün maraqlı bir avtomobilin fotoşəkillərini dərc edib. Bu Kia markasının bayraqdar krossoveri olacaq Telluride modelinin kamuflyajsız şəkilləridir. Xatırladaq ki, bir müddət bundan öncə, modelin seriyaya gedəcəyi barədə koreya istehsalçısının dizayn bölümünün rəhbəri Piter Şrayer məlumat vermişdir.

Kia Telluride modelinin carçısı 2016-cı ildə nümayiş etdirilmiş eyni adlı konsept olmuşdur.

Telluride modelinin texniki cəhətləri barədə məlumat olmasa da, Kia markasının amerika ofisinin başçısı Ort Hedrik krossoverin Kia Quoris flaqman sedanının arxadançəkişli platformasında inşa edildiyinə işarə vurub. Bu halda, krossover 370 at qüvvəsi və 509 Nm fırlanma anı hasil edən 3,3-litrlik iki turbokompressorlu V6 mühərriki ilə təchiz edilə bilər.

Şəkillərdən də göründüyü kimi, seriya modelinin ön hissəsinin dizaynı bir qədər fərqlidir. Əsasən də nəzərə çarpan elementlər geniş formalı radiator barmaqlığı və Cadillac modellərinin ön fənərlərinə bənzəyən işıq texnikasıdır. 

Digər məlumata əsasən, Kia Telluride modelinin əsasını Hyundai Santa Fe modelinin təkmilləşdirilmiş platforması təşkil edəcəyi bildirilir. O zaman, krossoverin mühərrik çeşidinə 238 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodürdlük” daxil olacaqdır.

Xatırladaq ki, Kia Telluride konsepti Sorento modelinin modifikasiya edilmiş şassisində inşa edilmişdir. Protoipin uzunluğu beş metr təşkil edirdi. Konsept tərkibinə 270 at qüvvəli 3,5-litrlik V6 mühərriki və 130 at qüvvəli elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilmişdir.