Ford şirkəti Mustang kupesinin üslubunda dizayna malik olacaq yeni modelin ilk təsvirini dərc edib. Elektrik mühərriki ilə hərəkətə gələcək krossover 2020-ci ildə debüt etməlidir.

Dərc edilən təsvirdən də görünən kimi, yeni model Ford Mustang modelinin fənərlərinə sahib olan kupeşəkilli krossoverdir. Şirkətdən, marka nümayəndələrinin Çinə səfərindən sonra, elektrokrossoverin layihəsinə bir sıra dəyişiklik etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Belə ki, multimedia sisteminin ekranı genişləndirilmişdir. Səbəb kimi çinli müştərilərin iri displeylərə üstünlük verdikləri göstərilir. Yeni elektromobilin texniki hissəsi barədə məlumat verilməyib. Ehtimallara görə, elektrokar dolu batareyalar ilə 480-500 kilometr qət etməlidir.

Yeni modelin istehsalı Meksikada həyata keçiriləcəkdir. İlin əvvəlində elektrik krossoverinin March1 adını alacağı məlum olmuşdur. Əvvəllər bu ad Mustang modelinin “qaynar” modifikasiyalarına verlirdi.  Lakin, istehsalçı bu ideyadan imtina etmək qərarına gəlib. Buna səbəb marka tərəfdarlarının tənqidi olub.