Hyundai şirkəti “qaynar” modellər cərgəsini genişləndirməyə davam edir. Bu dəfə koreya istehsalçısı avropa model xəttindəki ikinci “qaynar” modelin – i30 Fastback N “beşqapılı kupesinin” debüt tarixini açıqlayıb.

Yeni “qaynar” fastbek 26 sentyabr tarixində, Hyundai Motorsport pilotları Qabriel Tarkvini və Tyerri Nyövilin Roma-Paris marşrutu ilə sürətli yürüyüşü zamanı təqdim ediləcəkdir. Bu yürüş zamanı idmançılar yeni rekorda imza atmağa hazırlaşırlar. Bununla belə, yarış və fəstbək barədə məlumat verilməyib. Böyük ehtimalla, “qaynar” fəstbəkin yaradılması zamanı Hyundai i30 N hetçbekinin aqreqatlarından istifadə ediləcəkdir.

Məlumdur ki, “qaynar” Hyundai i30 N hetçbeki modifikasiyasından asılı olaraq 250 və yaxud 275 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Gələcəkdə iki muftalı robotlaşdırılımış transmissiyanın da təklif ediləcəyi söylənilir. Hyundai i30 N hetçbeki 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 250 km/saatdır.

Modelin təchizatına aktiv asqı, elektronika ilə idarələnən yüksək sürtünməli differensial, aktiv səsboğucu sistem, lonç-kontrol, avtomatik akselerasiya və tamamilə söndürülən dinamik stabilizasiya sistemi daxildir.  Keçən ilin yayında N bölümünün rəhbəri Albert Birmann “qaynar” N modellərinin tam çəkiş sistemi ilə təchiz ediləcəyini də bildirmişdir.