Volkswagen şirkəti T-Cross modelini ilin sonuna kimi təqdim edəcək

Volkswagen şirkətinin subkompakt krossover hazırladığlı bir çoxları üçün sirr deyildir. Əslində Volkswagen T-Cross adlanan yeni modelin prototipini mart ayında keçirilmiş Cenevrə avtosalonunda nümayiş etdiriləcəyini gözləyirdik. Lakin, almanlar modelin premyerasını gecikdirmək qərarına gəliblər.

Volfsburq istehsalçısının nümayəndələri avtomobilin debütünün mütləq olaraq bu il keçiriləcəyini bildirirlər.  

Bu günlərdə Alp dağlarında yeni krossoverin prototipinin sınaqları zamanı çəkilmiş şəkillər də almanların verdiyi vədə əməl edəcəklərindən xəbər verir. Üstəlik, bu prototiplər əvvəlkilərə nisbətən daha az kamuflyaja malikdirlər – məsələn, avtomobil ön fənərləri aydın şəkildə görünürlər.

Bamperlərin kənarlarında olan altıguşəli elementlər isə,Volkswagen T-Roc modelində olan işıqdiodlarından hazırlanmış gündüz işıqlarını xatırladır.

VW T-Cross modelinin prototipinin Polo modelinə bənzəməsi, heç də onun yeni yolsuzluq dəstinə və hündür klirensə malik olan Polo hetçbeki olacağına dəlalət etmir. T-Cross modeli hetçbekin inşa edildiyi MQB-A0 platformasında hazırlansa da, əslində onun üçün xüsusi olaraq yaradılmış kuzova malikdir. Bunu söyləməyə orijinal arxa dayaqlar, beşinci qapının forması və başqa formalı fənərlər sövq edir. Yeni modelin qabaritləri barədə təsəvvür yaratmaq üçün Seat Arona modelinə diqqət yetirmək kifayətdir.

Seat Arona modeli 4138 millimetrlik uzunluğa və 2566 millimetrlik təkər bazasına malikdir ki, T-Cross krossoverinin eyni ölçülərə sahib olacağını söyləmək mümkündür.

Yeni krossoverin mühərrik çeşidinə 1,0 və 1,5-litrlik benzin mühərrikləri daxil ediləcəkdir. Bu da 95 və 150 at qüvvəsi deməkdir.

Çox güman ki, “yumşaq” hibrid adlandırılan güc aqreqatının, metan və dizel mühərriklərinin də təklif olunması ehtimalı da mövcuddur. Avtomobil öndən və tam çəkiş sistemləri ilə təchiz ediləcəyini də güman etmək olar.

Volkswagen T-Cross modelinin Avropadakı satışları bu ilin sonunda başlamalıdır.

ДРУГИЕ СТАТЬИ