Toyota Century. Mercedes-Benz S-Class modelindən baha olan Toyota

Toyotanın Yaponiyadakı diler mərkəzləri yeni nəsil Century sedanına sifarişləri qəbul etməyə başlayıblar. Bu 50 illik tarixə malik olan sedanın üçüncü (!) nəslidir. Qiyməti 19,6 milyon yen olan sedan ildə 600 nüsxəlik tirajla buraxılacaqdır. 1967-ci ildən kiçik partiyalarla buraxılan avtomobildən əsasən yüksək ranqlı dövlət adamları və imperator ailəsi istifadə edir. Hətta, yapon imperatorunun qarajında Century modelinin bazasında hazırlanmış limuzin də mövcuddur.

Toyota Century klassik formalara malik olan kuzov dizaynına malikdir. Modelin qabarit uzunluğu 5335 millimetr, eni - 1930 millimetr, hündürlüyü isə 1505 millimetrdir. Sedanın təkər bazası 3090 millimetrdir. Beləlikə, yeni model sələfindən 65 millimetr uzun, 40 millimetr enli və 10 millimetr hündürdür.

Yeni modelin təkər bazası da 65 millimetr artırılmışdır.Ölçülərinə görə Centry uzunbazalı Mercedes-Benz S-Class və "uzadılmış" Mercedes-Maybach S-Class modellərinin arasında yerləşir. Avtomobil təkər bazasının uzunluğuna görə uzunbazalı S-Class sedanına 75 millimetr uduzsa da, ondan 90 millimetr hündürdür.

İstehsalçı sedanın tərkibinə 5,0-litrlik V8 mühərriki daxil olan hibrid güc aqreqatı və elektromexaniki THS II variatoru ilə təchiz edildiyini bildirib. Bu, beşinci nəsil Lexus LS 600h sedanından tanış olan hibrid güc aqreqatıdır. Hibrid aqreqat ümumilikdə 431 at qüvvəsi hasil edir. Toyota Century modelinin birinci nəsli V8 mühərriki ilə təchiz edilib. Sedanın ikinci nəsli isə yapon avtomobilləri arasında V12 mühərriki ilə təchiz edilən yeganə avtomobil olub.

Toyota Century salonunda 100 faizlik yundan hazırlanmış parça ilə örtülmüş dörd oturacaq vardır. Müştərinin arzusu ilə salonu dəri ilə də örtmək olar. Arxa sərnişinlər ixtiyarına ayaq dəstəyi, massaj, oturacaqların elektrik ötürməsi, masalar, digər oturacaqları, klimat-kontrolu və 20 dinamikli səs sistemini idarə etmək üçün oturacaqların arasında yerləşdirilmiş xüsusi panel, həmçinin iri ekranı olan əyləncə kompleksi verilibdir. 

Avtomobilin arxa oturacaqları massaj funksiyasına və elektriklə tənzimlənən ayaq dəstəyinə malikdir. Centry modelinin asqısı ilə yanaşı xüsusi olaraq bu model üçün yardılmış şinlər də yüksək rahatlığın yaradılmasına xidmət edir.

Toyota Century modelinin təchizatına işıqdiodlarından fənərlər, adaptiv uzaq işıqlar, toqquşmaları önləyən sistem, kor zonalara nəzarət funksiyası və avtomobil arxa istiqamətdə hərəkət edərkən köndələn istiqamətdə gələn avtomobillərə nəzarət sistemi daxildir.

ДРУГИЕ СТАТЬИ