2020-ci ildə işıq üzü görəcək Jaguar F-Type sportkarı iki yerli salondan 2+2 sxeminə keçərək Porsche 911 modelinə daha yaxın olacaqdır. Bununla belə, avtomobilin mühərriki əvvəlki kimi öndə yerləşəcəkdir. Bir qədər bundan öncə F-Type modelinin ortamühərrikli sxemə keçəcəyi bildirilmişdir. Lakin, bu sxem tamamilə başqa Jaguar modelinə qismət olmalıdır.

“Car” dərgisinin məlumatına görə, ortamühərrikli sportkar Jaguar J-Type adlandırılacaqdır. Jaguar F-Type modelinin növbəti nəsli isə yeni PLA-D7b alüminium platformasında inşa ediləcəkdir. Bu arxitekturanı adətən İQ [AI] adlandırırlar.  F-Type həmişə olduğu kimi kupe və kabriolet variantında təklif ediləcəkdir.

Avtomobilin 5,0-llitrlik kompressorlu V8 mühərriki keçmişdə qalacaqdır. Gəzən şayiələrə görə, yeni F-Type BMW 8-Series modeldə quraşdırılan 4,4-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir. Çox güman ki, bu mühərrik 600 at qüvvəsinə malik olacaqdır.

Yeri gəlmişkən, britaniyalı jurnalistlər Jaguar F-Type modelinin tamamilə elektrik modifikasiyasının olacağını da aydınlaşdırıblar. Bu aqreqat 400 at qüvvəsi hasil edəcək və 100 kilovat-saatlıq batareyalardan qidalanacaqdır.