Bu günlərdə yeni avtomobillərin ovuna çıxan fotocəsuslar Aston Martin DBS Superleggera modelinin açıq variantına rast gəliblər. Cəsuslar əvvəllər də DBS Superleggera Volante modelinin prototiplərinin şəkillərini çəkiblər. Lakin, onlardan fərqli olaraq Nürburqrinq yaxınlığında yaxalanan prototip kamuflyaja malik deyildir.

"Auto Express" nəşrinin bildirdiyinə görə, DBS Superleggera Volante üzərində yalnız emblemlər mövcud deyildir. Bu isə avtomobilin sınaqlarının tezliklə başa çatacağından və seriya modelinin debüt edəcəyindən xəbər verir. Yeni kabrioletin istehsalının gələn ilin üçüncü rübündə başlanacağı da söylənilir.

Eksteryer dizaynına görə kabriolet eyni adlı kupeni təkrar edir. Yeganə fərq yumşaq tavan örtüyünün olmasındadır. Sərt damın itirilməsi kuzovun möhkəmliyinin artırılmasını tələb edir. Çox güman ki, DBS Superleggera Volante kupe modelindən 100-120 kiloqram artıq çəkiyə malik olacaqdır. Bununla belə, kabriolet hələlik birbaşa rəqiblərə malik deyildir: Ferrari 812 Superfast modeli bağlı kuzovla, McLaren 720S Spider və Bentley Continenetal GTC isə hələlik hazırlanma prosesinə qədəm qoyublar.

Kupe variantında olduğu kimi, DBS Superleggera Volante də 5,0-litrlik V12 biturbo mühərriki və səkkiz pilləli ZF avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Güc aqreqatının 650 at qüvvəsinə malik olacağı da söylənilir. Çox güman ki, DBS Superleggera Volante 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənəcəkdir. Gələcəkdə modelin trek üçün nəzərdə tutulan AMR modifikasiyasının da təklif ediləcəyi istisna edilmir.

Image alt Image alt Image alt Image alt Image alt