Avropa Əqli Mülkiyyət Bürosunun məlumat bazasında Temerario ticarət nişanının qeydiyyatı üçün ərizə peyda olub. Ərizə Automobili Lamborghini şirkəti tərəfindən təqdim olunub və akkumulyatorlardan tutmuş avtomobillərə qədər geniş məhsul çeşidini əhatə edir. Ənənəvi olaraq korridadan götürülmüş adın (italyan dilindən tərcüməsi, temerario "cəsarətli", "cəsur" deməkdir) Huracan superkarının varisinə - V8 mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə hərəkətə gələcək superkara veriləcəyi gözlənilir.

Mövcud məlumata görə, yeni model qismən Revuelto superhibridi ilə unifikasiya ediləcək, lakin qiyməti məqbul həddə saxlamaq üçün, flaqmandakı texniki yeniliklərin bəzisindən imtina etmək lazım gələcək. Temerario, əgər bu ad həqiqətən də gələcək superkar üçün nəzərdə tutulubsa, karbondan monokoka, iki muftalı robotlaşdırılmış ötürmələr qutusuna və Lamborghini tərəfindən hazırlanmış səkkizsilindrli mühərrikə sahib olacaq. Ola bilsin ki, onun konstruksiyasında müasir kompozitlərin həcmi bir qədər az olsun, amma bunların hamısı hələlik şayiələrdir. Təqdimat bu il baş tutmalıdır.

Eyni zamanda, italyanlar Urus krossoverinin hibrid versiyasını buraxmağa hazırlaşırlar. Bundan əlavə, Lamborghini markasının 2024-c ildə Le Man seriyasının ən yüksək sinifində - LMDh kateqoriyasında debüt edəcəyi gözlənilir. Ümumiyyətlə, Sant'Aqata Bolonyezedə işlər yaxşı gedir. 2023-cü ilin sonunda şirkət tarixində ilk dəfə olaraq müştərilərə 10 mindən çox avtomobil çatdırmağı bacarıb və Urus krossoveri yenə də ən populyar (6087 ədəd) model olub. Ondan sonra Huracan (3962 ədəd) və Aventador (63 ədəd) superkarları gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.