Krossover və ofrouderlərin Avropa bazarındakı satış həcmlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Bu barədə Dataforce analitiklərinə istinad edən “Automotive News Europe” nəşri xəbər verib. 2023-cü ilin birinci yarısının satış nəticələrini təhlil edən analitiklər, yeni minik avtomobillərinin satışlarının yarısından çoxunun – 51 faizinin krossover və ofrouderlərin payına düşdüyünü aşkarlayıblar.

Müqayisə üçün qeyd edək ki, bir il əvvəl onların ümumi satışlardakı payı 48% olub. Ötən ilin birinci yarısı ilə müqayisədə krossover və ofrouderlərə tələbat 23 faiz artib və nəticədə Avropada 3,37 milyon belə avtomobil satılıb.

Ən populyar krossover 138 152 nəfər tərəfindən seçilən Tesla Model Y elektromobili olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 207 faiz çoxdur. İkinci yerdə 104 465 nüsxədə satılmış Volkswagen T-Roc (+ 32%), üçüncü yerdə isə, 96 849 ədədlik göstərici ilə Toyota Yaris Cross (+ 49%) qərarlaşıb.

Ən çox satılan avtomobillər siyahısında növbəti yerləri Volkswagen Tiguan, Dacia Duster, Hyundai Tucson, Peugeot 2008, Kia Sportage, Renault Captur və Ford Puma modelləri tutublar.

Digər seqmentlərdə də nəticələr kifayət qədər yüksəkdir. Məsələn, məşhur Dacia Sandero 124 900 ədəd satılıb. Onu 100 min həddini keçməyi bacarmış Opel Corsa, Peugeot 208 və Renault Clio modelləri təqib edirlər.

Ən kəskin artımı isə, satılarda 77,3 faizlik artımı qeydə alan Skoda Octavia modeli nümayiş etdirib. Çex liftbəki 88 073 ədəd satılıb. Volkswagen Golf də öz yerini qoruyub: 88 899 nəfər alman avtomobilinə üstünlük verib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.