2022-ci ildə BMW M bölməsinin yarım əsrlik yubileyi münasibəti ilə markanın tarixində ilk “bərkgedən” universal - BMW M3 Touring təqdim olunmuşdu. “Bərkgedən” universalın hədəfində Audi RS 4 Avant və Mercedes-AMG C 63 Estate universalları var idi. 2024-cü ildə Münhen istehsalçısı İnqolştadt və Ştutqart istehsalçılarının digər “bərkgedən” universallarına - Audi RS 6 Avant və Mercedes-AMG E 63 Estate modellərinə rəqib olacaq universalı buraxacaq.

BMW M5 Touring (E34)

Bu, alman markasının tarixindəki üçüncü BMW M5 Touring universalıdır. Onun M5 sedanından yalnız kuzovu və tənzimləmələri ilə fərqlənəcəyi gözlənilir. Xatırladaq ki, E34 kuzovunda olan ilk BMW M5 Touring universalı cəmi 891 nüsxə buraxılıb. E61 kuzovunda olan ikinci “bərkgedən” universal isə bir qədər çox, lakin yenə də məhdud saylı tirajla - 1025 nüsxədə istehsal olunub. Bununla belə, aktual modelin tirajının məhdudlaşdırılacağı barədə heç bir məlumat yoxdur.

BMW M5 Touring (E61)

M5 Touring modelinin texniki xüsusiyyətlər hələ də sirr olaraq qalır. Nəinki G90 nəslinə əsaslanan BMW M5 modeli, hətta baza BMW 5-Series Touring universalı belə təqdim edilməyib. Bununla belə, tizerdəki “The Ultimate, Electrified M Power” ifadəsi yeni M5 modelinin BMW XM krossoverindən tanış olan hibrid güc aqreqatını alması ehtimalına işarə edir. Bu qurğu 4,4-litrlik V8 biturbo mühərriki (S68) və transmissiyaya quraşdırılmış elektrik mühərrikindən ibarətdir. Tandemin ümumi hasilatı 748 at qüvvəsinə və 1000 Nm fırlanma anına çata bilər.

2023-cü ilin dekabr ayına qədər avtomobil yalnız rəsmi tizerlərdə və kamuflyajda göstərilib. Yeni il ərəfəsində M5 Touring modeli kamuflyajsız olsa da, lakin bayram “qablaşdırmasında” nümayiş etdirilib. BMW M5 Touring modelinin təqdimatı 2024-cü ilin sonuna qədər baş tutmalıdır, çünki bazara, ilk növbədə, debüt tarixi hələlik açıqlanmayan adi universal çıxmalıdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.