Yapon pikapının ofroud imkanlarını nümayiş etdirən köhnə reklam çarxlarından biri Böyük Britaniyanın Reklam Standartları Agentliyinin (Advertising Standards Agency, ASA) narazılığına səbəb olub. Söhbət qurumuş çay yatağı ilə hərəkət edən onlarla pikapın görüntülərindən gedir. Departament, Toyota şirkətinin bu yolla ətraf mühitlə bağlı sosial məsuliyyətinin olmadığını nümayiş etdirdiyi qənaətinə gəlib.

ASA videoçarxla yanaşı, bir neçə Toyota HiLux vəhşi təbiətdə toz buludlarının arasında təsvir olunduğu reklam plakatından istifadəni də qadaşan edib. Səbəb eynidir – bu plakat, insanları məsuliyyətsiz şəkildə, təbiətin zərərinə, yoldan kənara çıxmağa təşviq edə bilər. “Carscoops” saytı ASA-nın ilk dəfədir ki, ekoloji sosial məsuliyyət qaydalarını pozan reklamlara qadağa qoyduğunu qeyd edib.

Toyota özünü müdafiə edərək, 2020-ci ilə aid olan reklam çarxının Sloveniyada, ərazi sahibinin razılığı ilə xüsusi mülkiyyətdə çəkildiyini bildirib. İstehsalçı həmçinin Toyota şirkətinin 1997-ci ildən bəri elektrikləşdirmə və ətraf mühitin mühafizəsi sahəsində işləmələri həyata keçirdiyini xatırladıb. Lakin reklam istənilən halda bloklanıb.

Yapon istehsalçısı HiLux pikapının çətin şəraitlərdə istifadə üçün yaradıldığını, onun kənd və meşə təsərrüfatı kimi sahələrdə istismarının və ofroud imkanlarının düzgün məna kəsb etdiyini bildirsə də, gətirilən dəlillər ASA-nı fikrindən döndərə bilməyib.   

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.