Volkswagen Golf modeli sonuncu yenilənməyə hazırlaşır. Cari nəil Golf modeli 2019-cu ildən buraxılır və indi, onun həyat dövrünün tam ortasında, planlaşdırılan yenilənmənin vaxtı gəlib çatıb. Özü də bu yenilənmə model üçün sonuncu olacaq - Golf modelinin doqquzuncu nəsli buraxılmayacaq, ən azından daxili yanma mühərriki ilə… Yenilənmiş Volkswagen Golf modelinin təqdimatı öncəsi, alman şirkətinin rəhbəri Tomas Şefer restaylinq keçmiş avtomobilin ön optikasının nümayiş olunduğu tizeri yayıb.

Səkkizinci nəsil Golf modelinin yenilənmiş versiyası 2024-cü ildə nümayiş etdirilməlidir. Yeni tizerdən də göründüyü kimi, model işıqlandırılmış loqotipi və bir fənərdən digərinə doğru uzanan bütöv LED xətti olan işıq “imza”sını alacaq. Bəzi məlumatlara görə, tizerdə yenilənmiş Golf modelinin universal kuzovlu versiyası təsvir olunub - buna damdakı reylinqlər işarə edir. Bu isə, universalın Golf modelinin çeşidindəki yerini qoruyacağından xəbər verir.

Yayın sonunda kamuflyajsız Golf modelini ümumi yollardakı sınaqlara çıxarıblar, odur ki, avtomobilin dizaynında baş vermiş dəyişikliklər artıq sirr deyil. Hetçbek fərqli mərkəzi hava girişi olan yeni ön bamperi və arxa fənərlərin yeni qrafikasını əldə edib. Salonda böyük ölçülü displey quraşdırılıb, fiziki düymələr sükan çarxına qaytarılıb. Bu, sensorlu düymələrin işindən narazı qalan müştərilərin xahişi ilə edilib.

Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen Golf daha bir neçə il alman istehsalçısının model cərgəsində qalmalıdır. Bundan sonra, Volkswagen onun istehsalına son verəcək. Bununla belə, şirkət ikonaya çevrilmiş Golf adından imtina etmək fikrində deyil - bu adın miras olaraq elektromobilə keçəcəyi söylənilir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.