FAW-Volkswagen birgə müəssisəsi Çində yeni ID.7 liftbəkinin satışlarına start verib. Söhbət MEB platformasında inşa edilımiş ən böyük modeldən gedir: demək olar ki, üç metrlik təkər bazası olan beş metrlik avtomobil üç təchizat səviyyəsində təklif edilir. İki başlanğıc versiyası arxa ötürməlidir, modifikasiya çeşidinin zirvəsində isə, ikimühərrikli tamötürməli versiya qərarlaşıb – belə versiya əvvəllər heç yerdə nümayiş etdirilməyib.

Volkswagen ID.7 qeyri-rəsmi olaraq “elektrikli Passat” adlandırılır, lakin iki model arasındakı bənzərlik yalnız kuzov növü və ölçülərdədir: şassi arxitekturası cəhətdən ID.7 daha sadədir. Çində elektromobil çox cəlbedici qiymətlə təklif edilir: 642 kilometrlik (CLTC) yürüş ehtiyatı olan arxa ötürməli versiya (204 at qüvvəsi, 310 Nm) üçün 227 777 yuan (54.300 manat) tələb olunur. Avropada oxşar elektromobil iki dəfə bahadır: qiymətlər 57 min avrodan başlayır!

Modifikasiya çeşidinin zirvəsində 570 kilometrlik (CLTC) yürüş ehtiyatı və maksimum opsiyalar dəstinə malik  olan ikimühərrikli (313 at qüvvəsi, 472 Nm) tam ötürməli liftbək qərarlaşıb: tamötürməli ID.7 modeli 262 777 yuana (62 700 manata) başa gələcək. Batareya bütün hallarda eynidir: bu, 84,8 kilovat-saatlıq batareyadır. Opsiyalar arasında elektriklə tənzimlənən, qızdırılan və havalandırılan ön oturacaqlar, proyeksiya ekranı, matrisa fənərləri, 14 dinamikli Harman Kardon səs sistemi və multimedia sisteminin 15-düymlük 2K təsvir ölçülü taçskrini daxildir.

Çində Volkswagen ID.7 liftbəkinin ciddi rəqibləri var: Tesla Model 3 və BYD Han EV. Aerodinamika baxımından alman brendinin yeniliyi demək olar ki, rəqiblərinə çatıb (Cx = 0,23), lakin batareya çeşidi, elektrik güc qurğusunun hasilatı, şassi arxitekturası və sürətli enerji doldurma imkanları baxımından rəqiblər üstünlüyə malikdirlər. Elektromobilə verilən zavod zəmanəti üç il və ya 100 min kilometr, batareya və naqillər üçün isə, səkkiz il və ya 160 min kilometr təşkil edir.

FAW-Volkswagen istehsalı ola ID.7 modelinin Çindəki satışlarına artıq başlanılıb. Tezliklə çeşində rəsmi rəqib SAIC-Volkswagen birgə müəssisəsi tərəfindən istehsal ediləcək oxşar liftbəklər də qatılacaqlar. "Bərkgedən" Volkswagen ID.X Performance versiyası da nəzərdə tutulub, lakin onun yaxın iki ildə debüt etməsi gözlənilmir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.