BMW, Daimler AG, Ford və Volkswagen şirkətləri IONITY adlı birgə müəssisənin yaradıldığı haqqında bəyanat veriblər. Bu layihənin çərçivəsində, avtomobil istehsalçıları Avropada elektrik yükləmə stansiyaları şəbəkəsini yaradacaqdırlar.

Şirkətin planlarında 350 kilovat gücü olan 400 kompleksin yaradılması nəzərdə tutulubdur. Bu ilin sonuna qədər ilk 20 stansiya Almaniya, Avstriya və Norveçdə istismara veriləcəkdir. 2018-ci ildə isə, daha 100 stansiya işə düşməlidir. Müxtəlif brendlərin avtomobillərinə xidmət göstərəcək ilk stansiyalar, əsas trassaların və avtomagistralların üzərində bir-brindən 120 kilometrlik məsafədə yerləşəcəkdirlər.

IONITY şirkətindən BMW, Daimler AG, Ford və Volkswagen şirkətlərinin bu müəssisədə bərabər paya malik olduqları bildirilib. Eyni zamanda şirkətin, digər avtomobil istehsalçılarının elektrik yükləmə stansiyaları şəbəkəsinin genişləndirilməsi barədə təkliflərinə də açıq olduğu söylənilib.

Bir müddət bundan öncə bir sıra Avropa dövlətlərinin benzin və dizel mühərrikləri ilə təchiz edilmiş yeni avtomobillərin satışına qadağa qoyacağını söyləmişik. Belə ki, Böyük Britaniyada bu qadağan 2040-cı ildən qüvvəyə minəcəkdir.

Azərbaycan hökümətinin bu sahədəki planları barədə ümumiyyətlə heç bir məlumat yoxdur. Çox güman ki, bizim məmurlar yerindən tərpənən qatara son məqamda tullanaraq minməyi üstün tuturlar.