Dünən BMW şirkətinin yeddinci nəsil 3-Seriya sedanın təqdimat tarixini açıqladığı barədə məlumat vermişdik. Alman istehsalçısı ən populyar olan modelinin yeni nəslinin təqdimatını 2 oktyabr tarixində keçirəcəyini bəyan edib. Bu bəyanatdan bir gün keçməmiş Bavariya təmsilçisi üç yeni tizeri dərc edib.

Tizerlərə diqqətlə baxdıqda qarşımızda M3 modelinin durduğu düşüncəsinə qapılmaq olar. Lakin, bizim fikrimizcə,  tizerlərdə 3-Seriya sedanın ən “qaynar” modifikasiyası olan BMW M340i variantı təsvir etdirilibdir. İlkin məlumatlara görə, M340i modifikasiyası 360 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli sıralı turbomühərrik ilə təchiz ediləcəkdir. Sedan səkkiz pilləli avtomatik ötürmələr qutusu və arxa çəkiş sistemi ilə standart olaraq komplektləşdiriləcəkdir. xDrive tam çəkiş sistemi isə, sedanın əlavə avadanlıq siyahısına daxil ediləcəkdir.

Tizerlərin birinə diqqət yetirsəniz avtomobilin arxa hissəsində baş verən ciddi dəyişikliyi də müşahidə etmiş olarsınız: alman istehsalçısı BMW 3-Seriya sedanın tanınmış elementlərindən olan Hofmeister xəttindən imtina edibdir. Bu hal bir sıra BMW həvəskarlarını məyus etsə də, biz yeni dizaynın daha cazibədar olacağından əminik.

Yeni 3-Seriya sələfinə nisbətən 55 kiloqram yüngül olacaqdır. Bundan başqa, sedanın ağırlıq mərkəzi 10 millimetr aşağı düşəcəkdir. Çəkinin oxlar arasında bölünməsi nisbəti isə ideal şəkildə olacaqdır - 50:50. Eyni zamanda avtomobilin təkər izi genişlənəcək, təkərlərin maillik bucağı isə artacaqdır.

BMW 3-Series modelinin növbəti nəsli yenidən işlənmiş «turbodördlük» və səkkiz diapazonlu Steptronic avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. İstehsalçının məlumatlarına görə, bu alman markasının seriya avtomobillərinə quraşdırılan ən güclü dörd silindrli mühərrik olacaqdır.

Üstəlik, mühərrik əvvəlkinə nisbətən beş faiz qənaətcil olmalıdır.  Yeni model tənzimlənən amortizatorlara, M Sport versiyasında isə hündürlüyü 10 millimter azaldılmış asqıya, 18-düymlük təkər disklərinə, dəyişən ötürmə əmsallı sükan mexanizminə və M Sport differensalına malik olacaqdır.  

Image alt Image alt Image alt