Bir neçə gün bundan öncə Tesla Motors şirkəti Semi yük avtomobilini və dünyanın ən yeyin avtomobili olduğu iddia edilən Roadster modelini təqdim etmişdi. Sual edə bilərsiniz ki, burada qeyri adi nə var ki?

Əlbəttə, təqdimatda qeyri-adi heç bir şey yoxdur. Lakin, avtomobil aləminin nüfuzlu şəxslərindən sayılan General Motors şirkətinin keçmiş vitse-prezidenti Bob Lutz belə düşünmür. Tesla Roadster modelinin yeni nəslinin və Semi elektrik yük avtomobilinin təqdimatından sonra CNBC kanalına müsahibə verən Lutz bu mərasimin brendin mövcud olan problemlərindən diqqət yayındırmaq üçün təşkil olunduğunu  iddia edib.  

“Camaat, şirkət biznesi tərk etmək üzrədir. Belə göstəricilərlərlə onlar 2019-cu ilə çıxa bilməyəcəkdirlər” – Bob Lutz söyləyib. Onun sözlərinə görə, elektromobillərdən söhbət gedirsə, Tesla digər istehsalçılar qarşısında elə bir üstünlüyə malik deyildir. “Tesla şirkətinin heç bir sirli sousu yoxdur. Onlar da hər kəs kimi litium-ion batareyalarından istifadə edirlər. Üstəlik, onların vəsait çatışmamazlığı kritik səviyyədədir. Tesla yeni kapital cəlb etmək məcburiyyətindədir”, - Lutz fikrini yekunlaşdırıb.

Bob Lutz uzun müddətdir ki,  Tesla şirkətinə olan skeptik münasibəti ilə yadda qalıb. Ola bilsin ki, Lutz bu sözləri şirkətin səhmlərinin dəyərini aşağı salmaq məqsədi ilə söyləyib. Bununla belə, hər kəsə Tesla şirkətinin Model 3 sedanı ilə başı bəlada olduğu  məlumdur.