Audi şirkətinin Facebook sosial şəbəkəsindəki səhifəsində Frankfurtda debütü gözlənilən konseptin tizeri dərc edilib. Tizerdə olan yazıda istehsalçı prototipi “gələcəkdən gələn qonaq” adlandırıb. Konsept barədə başqa məlumat verilməyib.

Böyük ehtimalla, şəkildəki avtomobil Audi şirkətinin Hanergy konserni ilə birgə hazırladığı modeldir. Hanergy konserninin törəmə müəssisəsi olan Alta Devices şirkəti və Audi nazik günəş batareyaları olan xüsusi örtük hazırlayırlar ki, bu ötük də avtomobillərin panoram tavanına çəkiləcəkdir. 

İstehsalçının idarə heyətinin üzvü olan Bernd Martensin sözlərinə görə, günəş enerjisindən istifadə elektromobillərin yürüş ehtiyatını artıracaqdır.

Audi şirkətinin təqdim etdiyi son elektrik yenilikləri e-tron quattro və e-tron Sportback konseptləri olub. Onlardan birincisinin seriya variantı gələn il Q6 e-tron adı ilə işıq üzü görməlidir. 2019-cu ildə isə e-tron Sportback prototipinin carçısı olduğu seriya kupe-krossoveri, sonra isə yeni MEB modul platformasında istehsal ediləcək yığcam şəhər avtomobili təqdim olunacaqdır.