Superkarların istehsalçısı kimi tanınan Hennessey Performance, Bugatti və Koenigsegg şirkətlərinin başlatdığı maksimal sürət yarışına qoşulacağını bəyan edib. Amerikalılar öz niyyətlərini Facebook sosial şəbəkəsində dərc etdikləri tizerlə açıqlayıblar.

Dərc edilən fotoşəkildə Hennessey Venom F5 hiperkarı və 300 mil/saat (482,8 km/saat) sürət məhdudiyyəti olan nişan təsvir edilibdir.

Hennessey Venom F5 hiperkarının buraxılışı ilə istehsalçının Special Vehicles bölümü məşğul olur. Venom F5 1451 at qüvvəsinə malik olan güc qurğusu ilə təchiz edilir. Kupenin bəyan edilmiş maksimal sürəti 466,7 km/saatdır. Model Bugatti Chiron modelinin rəqibi olacaqdır.

Cari sürət rekordu Hennessey Venom GT superkarına məxsusdur. Kanaveral burnundakı Kennedi adına Kosmik mərkəzin uçuş zolağında superkar 435,3 km/saata kimi sürətlənib.

Bildiyimiz kimi, Bugatti Chiron sentyabr ayında 0-400-0 km/saat üzrə rekorda imza atmışdı. Hiperkar bu tapşırığı 41,96 saniyəyə yerinə yetirib. Oktyabrın əvvəlində isə, bu rekord Koenigsegg Agera RS superkarı tərəfindən yenilənmişdir. İsveç hiperkarı bu tapşırığı 36,44 saniyəyə yerinə yetirib.