Hennessey Performance atelyesi dünyanın ən yeyin ofrouderini inşa edib. Atelye mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş Jeep Grand Cherokee Trackhawk 60 mil/saat (96 km/saat) həddinə 2,3 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 322 km/saatdır.

Ofrouder Hennessey atelyesinin mexaniki kompressoru ilə təchiz edilmiş 6,2-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 1218 at qüvvəsi və 1354 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, “bərkgedən” Grand Cherokee Trackhawk modelinin mühərriki 717 at qüvəsinə malikdir.

Təkmilləşdirilmiş Grand Cherokee 402 metrlik dreq məsafəsini 9,66 saniyəyə qət edir. Onun düzlüyün sonundakı sürəti 233 km/saat təşkil edir. Standart ofrouderin bu sahədəki göstəriciləri 11,6 saniyə və 185 km/saatdır. Lakin, belə nəticələri əldə etmək üçün avtomobil xüsusi Nitto 555R şinləri ilə təchiz edilib. Bundan başqa, ofrouder tam çəkiş sistemini söndürən xüsusi düyməni də əldə edib. Salondakı düyməni basmaqla avtomobili arxadan çəkişli etmək olar.

Cəmi 24 ədəd belə ofrouderin buraxılması planlaşdırılıb. Onların hər birinin dəyəri 179 min dollar təşkil edəcəkdir.