Hyundai şirkətinin şef-dizayneri Lyuk Donkervolke və şirkətin tədqiqatlar və işləmələr bölməsinin rəhbəri Yanq U Çxol Wheels nəşrinə verdiyi müsahibədə yeni superkar layihəsi üzərində işlədiklərini etiraf ediblər. Ferrari və Porsche superkarları ilə rəqabət aparacaq avtomobilin Genesis brendi altında buraxılacağı ehtimal olunur.

Avtomobilin dizaynı iki yerli kupe formasında olacaqdır. Arxaçəkişli superkar benzin və bir neçə elektromotordan ibarət olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Böyük ehtimalla, yeni superkarın hazırlanması ilə N bölümü məşğul olacaqdır. Hazırda bu bölümə BMW M GmbH  şirkətinin keçmiş rəhbəri Albert Birmann başçılıq edir. Digər tərəfdən, yüksək məhsuldarlığa malik olacaq superkar, brendin mövcud olan iyerarxiyasına daxil olmayan ayrıca model də ola bilər. Genesis brendi altında superkarın buraxılacağı haqqında məlumat 2016-cı ildə meydana çıxmışdır.

Belə bir modelin yaradılması barədə məlumatı Hyundai markasının məhsul planlaşdırılması üzrə vitse-prezidenti Mayk O’Brayen səsləndirmişdir. Superkarın Lexus LFA və ya Honda NSX modelinin bənzəri olacağı da ehtimal edilirdi.