Facebook sosial şəbəkəsindəki Agenda de l’automobile səhifəsində Jaguar markasının ilk elektromobili olan I-Pace modelinin əks etdirildiyi videoçarx yayımlanmışdır. Qeyd etmək lazımdır ki, kamuflyajdan məhrum olmuş elektromobil Monako knyazlığının küçələrində lentə alınmışdır.

Elektromobilin çəkildiyi yerlər Formula 1 mərhələsi zamanı istifadə edilən küçələrdən biridir. Hələlik rəsmi təqdimatı keçirilməmiş avtomobilin kamuflyajsız şəkildə gecə vaxtı  knyazlığın küçələrində şütüməsi bir qədər müammalı görünür. Qeyd etmək lazımdır ki, videoda təsvir olunan avtomobil demək olar ki, 2016-cı ildə nümayiş etdirilmiş prototipdən seçilmir. 

Bunlara misal olaraq, avtomobilin rəngini, təkər disklərini və eksteryerin bir sıra detallarını göstərmək olar. Videoçarxdakı avtomobil də prototipdə olduğu kimi ənənəvi qapı dəstəklərindən məhrumdur. Bildiyimiz kimi, Jaguar I-Pace konsepti modul platformada yığılmış və 400 at qüvvəli elektrik güc qurğusuna malikdir. 90 kilovat-saatlıq batareyalardan qidalanan güc qurğusu 500 kilometr məsafəni qət etməyə imkan verir.

Böyük ehtimalla, yeni elektromobilin seriya variantının təqdimatı payızda keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır. Onun satışlarına isə gələn il start veriləcəkdir.