İki il əvvəl Mazda klassik quruluşlu avtomobillərə qayıdıb. Yeni ailənin ilki, əsasən Avropa və Asiya bazarlarına ünvanlanmış Mazda CX-60 krossoveri olub. Ancaq yaponlar əvvəldən yeni ailənin model çeşidinin dörd avtomobildən ibarət olacağını bildirmişdilər.

Yapon istehjsalçısı Şimali Amerika bazarı üçün üç və iki oturacaq cərgəsinə malik olan böyük CX-90 və CX-70 krossoverlərini hazırlayıb. İndi isə, növbə Avropadakı flaqman krossoverinə gəlib çatıb – bu, üç cərgəli Mazda CX-80 krossoveridir.

CX-60 baza krossoveri kimi, CX-80 modelinin hədəfində də, ilk növbədə, Avropa və Asiya bazarları var: burada o, şirkətin bayraqdarı rolunu oynayacaq. Bununla belə, məsələn, Avstraliyada Mazda eyni vaxtda dörd krossoverin dördünü də satacaq.

İstənilən halda, bütün kvartet Yaponiyadakı eyni zavodda istehsal olunacaq. Bununla belə, avropayönümlü CX-60/CX-80 cütlüyünün yaradılması, amerikan CX-70/CX-90 modellərindən fərqli reseptə uyğun olaraq həyata keçirilib.

Amerikada satılan CX-70 və CX-90 modelləri eyni kuzova malikdirlər və yalnız oturacaqların sayı və eksteryer tərtibatı ilə fərqlənirlər. Yeni Mazda CX-80 modeli isə, həqiqətən özünəməxsus kuzova malikdir.

Yeni model ölçülərinə görə CX-60 və CX-70/CX-90 krossoverləriinin arasında yerləşir. Onun uzunluğu 4995 millimetr, eni - 1890 millimetr (CX-60 ilə eyni), hündürlüyü isə, 1710 millimetrdir. 

Eyni zamanda, CX-80 modelinin təkər bazası amerikan cütlüyündəki ilə eynidir - 3120 millimetr. Xatırladaq ki, Mazda CX-60 modelində bu göstərici 2870 millimetr təşkil edir. Bütün avtomobillərin nisbətləri və dizayn üslubu, əlbəttə ki, ümumidir.

Multimedia sisteminin genişformatlı ekranı (12,3 düym), virtual cihazlar paneli və bahalı tərtibatı olan ön panel dəyişdirilmədən CX-60 modelindən götürülüb. Salonda yeddi və ya altı oturacaq ola bilər. Sonuncu halda, ikinci sırada ayrıca "kapitan" kresloları və mərkəzi dirsəkaltlı-qutu quraşdırılır. 

İkinci cərgənin oturacaqları 120 millimetr diapazonda uzununa tənzimləməyə malikdilərr. Baqajın həcmi üçüncü cərgənin arxasında 258 litr, onun qatlanması halda isə, 687 litr təşkil edir. Hər iki cərgənin qatlanması halda bu rəqəm 1971 litrə qədər artır.

Avropada CX-80 krossoveri iki güc aqreqatı ilə təchiz ediləcək. Birinci aqreqat təkrar doldurulan e-Skyactiv PHEV hibrididir: o, dördsilindrli 2,5-litrlik Skyactiv-G (190 at qüvvəsi, 250 Nm) atmosfer mühərriki, elektrik mühərriki (175 at qüvvəsi, 270 Nm) və 17,8 kilovat-saatlıq dartma batareyasına malikdir. 

Sistemin ümumi gücü 327 at qüvvəsinə bərabərdir. Bu güc krossoveri 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənmək üçün kifayət edir. Maksimal sürət 195 km/saatdır, hibrid sırf elektrik rejimində 63 kilometrə qədər məsafə qət edə bilər.

İkinci variant - 48 voltluq startyor-generator (16 at qüvvəsi, 153 Nm) ilə tandemdə çalışan sıralı altısilindrli 3,3-litrlik Skyactiv-D (254 at qüvvəsi, 550 Nm) turbodizelidir. Tutumu 0,33 kilovat/saat olan dartma batareyası ön sərnişin oturacağının altında yerləşir. 

Belə krossover 100 km/saat həddinə  sürətlənməyə 8,4 saniyə sərf edir, onun maksimal sürəti isə, 219 km/saatdır. Avstraliya bazarı üçün isə, altısilindrli 3,3-litrlik e-Skyactiv G benzin turbomühərriki də vəd edilib.

Bütün modifikasiyalar Mazda şirkətinin öz məhsulu olan səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilirlər. Tam ötürmə sistemi ön oxda quraşdırılmış JTEKT muftasına malikdir, lakin bəzi bazarlarda yalnız arxa ötürməli sadə versiyalar təklif olunacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada Mazda CX-80 krossoverlərinin satışına sentyabr ayında başlamalıdır, Avstraliyada isə, avtomobillər yalnız ilin sonunda peyda olacaqlar.

Qiymətlər artıq məlumdur: məsələn, Almaniyada CX-80 modelinin qiyməti 51 min avrodan (bu, CX-60 üçün istənilədən 4500 avro çoxdur), “ekoloji təmiz olmayan” avtomobillərə böyük vergilər olan Fransada isə, 63 min avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.