“Autocar” dərgisinin əldə etdiyi məlumata görə McLaren Automotive şirkəti F1 superkarının davamçısı olacaq yeni modeli hazırlamaq niyyətindədir. Yeni avtomobil də F1 modelində olduğu kimi ortada sürücü oturacağı olan üç yerlik salonla təchiz ediləcəkdir.

Yeni supercar McLaren F1 modelində həllini tapmış stilistik elemetləri də irsən almalıdır. Bunlara misal olaraq damın bir hissəsini tutan yuxarı açılan qapıları və damın ortasında yerləşən hava girişini misal gətirmək olar. Bununla yanaşı, McLaren nümayəndələri yeni superkarın avtomobil istehsalçısının dizaynı üslubunu görünməmiş səviyyəyə yüksəldəcəyini də bildirmişdirlər.

Yeni superkarı McLaren P1 modelinin yenidən işlənmiş karbon monokokunun ətrafında yığacaqdırlar. Bunun əsas səbəbi modelin daxilində üç oturacağın yerləşdirilməsi məqsədidir. Gözlənilənlərə görə, F1 superkarının varisi 700 at qüvvəsindən artıq gücü olan 3,8-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir. Avtomobilin ehtimal edilən maksimal sürəti 320 km/saatdır.

Avtomobilin interyerində də McLaren F1 modelinin varisi olduğuna işarə edən bir sıra elementləri görmək mümkün olacaqdır. Bununla belə, interyerin tərtibatında müasir materiallardan istifadə ediləcəkdir.

“Autocar” dərgisinə məlumat verən şəxslər  yeni avtomobilin Gran Turismo sinifinə aid olan “indiyə qədər istehsal edilmiş McLaren avtomobilləri arasında ən dəbdəbəli model olacağını” bildirmişdirlər.

Eyni zamanda, onlar bu avtomobilin trek variantının olmayacağını da söyləmişdirlər. Qeyd etmək lazımdır ki, yeni avtomobil üzərində işlərə müştərilərin xüsusi sifarişlərini yerinə yetirən və eksklyuziv avtomobillər istehsal edən McLaren Special Operations (MSO) bölümünün mütəxəssisləri də cəlb edilmişdirlər. 

Nəşrin mənbələrinin bildirdiyinə görə, müştərilər üç yerlik salonu olan avtomobil sifariş etmək arzusunda olduqlarını bildirsələr də, MSO bölümünün mütəxəssisləri onlara rədd cavabı vemək məcburiyyətində qalmışdırlar. Bunun başlıca səbəbi, layihənin başa çatdırılması üçün qarşıda duran texniki çətinliklər olmuşdur.

Beləliklə, zavoddaxili BP23 indeksini daşıyan avtomobilin debütünün 2018-ci ildə baş tutcacğı ehtimal edilir. Təsdiq edilməmiş məlumata əsasən avtomobil McLaren F1 GT adını alacaqdır və 64 nüsxədən ibarət tirajla istehsal ediləcəckdir. Superkarın satış qiyməti iki milyon funt-sterlinq olacaqdır.