Mercedes-Benz şirkəti 1954-1957-ci illərdə buraxılmış klassik 300 SL modeli üçün oturacaqların orijinal örtüyünün istehsalını bərpa edib. Damalı naxışlara malik olan və yüksək keyfiyyətli yun iplikdən toxunan parçanı zavod spesifikasiyasına əsasən istehsal edirlər. Ən maraqlısı odur ki, bu parçanın toxunması 1950-ci illərdə onu istehsal edən müəssisəyə həvalə edilib.

Örtük üç variantda təklif ediləcəkdir: boz-mavi, qırmızı-yaşıl və yaşıq-açıq qəhvəyi. Bunlardan birincisi ən populyar olanıdır - istehsal edilən avtomobillərin 80 faizinin salonu bu parça ilə örtülüb. İkinci parçadan 14%, üçüncüdən isə 6% Mercedes-Benz 300 SL modellərində istifadə olunub. Parça yalnız metrlə satılacaqdır. 1400x1000 millimetrlik kəsik üçün 184,95 avro (394,60 manat) tələb olunacaqdır.

Mercedes-Benz 300 SL sportkarı 1954-cü ildən 1963-cü ilə qədər buraxılıb. Model yuxarı açılan “qağayı qanadları” qapılarına malik olan kupe və rodster kuzovları ilə təklif edilirdi. W194 yarış avtomobilinin bazasında inşa edilən 300 SL modeli 3,0-litrlik sıralı altı silindrli mühərrik ilə hərəkətə gəlirdi.

Mühərrikin hasilatı 215 at qüvvəsi və 275 Nm təşkil edirdi. 100 km/saat həddinə avtomobil 7,4 saniyəyə sürətlənir və 211 km/saat maksimal sürətə malik idi.

Hazırda orijinal Mercedes-Benz 300 SL modelinin ortalama qiyməti 1,5 milyon dollar (2,9 milyon manat)  təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt