Alman markasının əfsanəvi yolsuzluq avtomobilinin ikinci nəsli 15 yanvar tarixində Detroytda keçiriləcək avtosalonda debüt edəcəkdir. Mercedes-Benz şirkəti təqdimat tarixinin açıqlandığı video tiozeri özünün YouTube kanalındakı rəsmi səhifəsində açıqlayıb.

W464 zavoddaxili indeksini almış ofroder kvadrat formalarını qoruyub-saxlasa da, salonda genişliyi təmin etmək üçün 10 santimetr genişlənmiş kuzovla təchiz edilmişdir.1970-ci ildən bəri istehsal edilən ofroderi əvəz edəcək model dizayn cəhətdən sələfinə oxşasa da, mexaniki cəhətdən ciddi dəyişikliklərə məruz qalacaqdır.

Ofroderin dördüncü nəslinin əsasını tamamilə yeni platforma təşkil edəcəkdir ki, onun sayəsində də avtomobil, inanılmaz görünsə də, 410 kiloqram “arıqlayacaqdır”. Bununla yanaşı, avtomobil rahatlığı və stabilliyi təmin edən yenilənmiş asqı sistemini əldə edəcəkdir. Avtomobilin mühərrik çeşidinə daha qənaətcil və ekoloji cəhətdən effektiv olan mühərriklər daxil ediləcəkdir.

Bir müddət bundan öncə alman istehsalçısı avtomobilin interyeri üzərindən sirr pərdəsini götürüb.  İlkin olaraq, ofroderin nazik formalı ön panelini qoruyub-saxladığını bildirmək gərəkdir. Buna baxmayaraq, ön panel və mərkəzi konsolunun arxitekturası tamamilə dəyişdirilibdir.  Yeni nəsil Geländewagen son E-Class və S-Class modellərindəki kimi, iki 12,3-düymlük displeylərə sahib olubdur. Qeyd etmək lazımdır ki, avtomobil standart olaraq E-Class modelində olduğu kimi, analoq cihazlar paneli ilə təchiz ediləcəkdir.

Ofroder bayraqdar S-Class modelindən alınmış sensorlu panelləri olan sükan çarxı ilə də təchiz ediləcəkdir. Havalandırma sisteminin deflektorları yeni nəsil CLS sedanında gördüklərimiz ilə eynidirlər. Lakin, bir maraqlı elementi qeyd etmək istərdik – ön panelin ucluqlarında yerləşdirilən deflektorların üzərində kvadrat şəkilli dinamiklər mövcuddur. Bu sizə nəyi isə xatırlatmır ki? Əlbəttə ki, bunlar G-Class modelinin yumru fənərləri və onların üzərindəki dönmə işıqlarına işarədir.

“Gelik” əvvəlki kimi üç qapanmaya malik olacaqdır. Bu qapanmaları yalnız əllə - düymələrə basmaqla işə salmaq mümkündür. Lakin, mexaniki differensialların əvəzinə avtomobil elektronika ilə idarələnən çoxdiskli muftalarla təchiz edilir. Mercedes mühəndisləri ən mürəkkəb yolsuzluq şəraitində belə bu muftaların qızmayacağına təminat verirlər. Alçaldıcı cərgə də qalmaqda davam edir, transmissiya isə doqquz pilləli 9G-Tronic atomatik ötürmələr qutusundur. Mühərriklərə gəldikdə isə, ikinci nəsil Geländewagen yeni altı silindrli dizel mühərrikinə sahib olacaqdır ki, bu aqreqat da 340-350 at qüvvəsi hasil edəcəkdir. 4,0-litrlik V8 biturbo mühərriki də bu çeşidə daxil edilibdir.

Özü də bu mühərrik G500 modifikasiyası ilə bərabər “bərkgedən” Mercedes-AMG G63 modelinin də kapotunun altında yerləşdiriləcəkdir. Əlbəttə ki, bu mühərrikin daha güclü variantı olacaqdır.