Volkswagen qrupunun rəhbəri Mattias Müller, alman avtomobil istehsalçıları tərəfindən qiymətləri müəyyən edən kartelin yaradıldığını inkar edib.

İyul ayında Avropa İttifaqının müşahidə komitəsi Daimler, BMW, Volkswagen, Audi və Porsche şirkətləri tərəfindən yaradılması ehtimal edilən kartelin işi üzrə istintaqa başlamışdır. Söylənilənlərə görə, bu kartel dizel mühərriklərinin tullantılarının səviyyəsini və yeni texnologiyaların qiymətini təyin edirmiş.

Bu istintaqın nəticələri Volkswagen, BMW və Daimler konsernlərinin mənzil-qərargahlarında reydlərin keçirilməsinə səbəb olub.

Bununla belə, Ştutqartda keçirilmiş konfrans zamanı Müller belə bir kartelin mövcud olduğunu inkar edib. “Qiymətlərin kartel tərəfindən müəyyən edilməsi barədə heç bir məlumatım yoxdur. Biz kartellər haqqında qanuna hörmətlə yanaşırıq”, - Müller bildirib.

Müllerin söylədikləri Daimler AG konserninin başçısı Diter Zetşenin bir müddət bundan əvvəl söylədikləri ilə həmahənglik təşkil edir. Zetşe alman istehsalçıları arasında əməkdaşlığın alıcıların xeyrinə olduğunu bildirmişdi.