BMW şirkətinin M-bölümü hibrid güc aqreqatları ilə təchiz edilən prototiplərin sınağına başlayıb. Bu barədə məlumatı “Autocar” dərgisinə M GmbH şirkətini vitse-prezidenti Dirk Haker verib.

Güc aqreqatlarının xarakteristikaları barədə açıqlama verməsə də, yüksək vəzifəli menecer “bərkgedən” hibridlərin buraxılmasını labüd proses kimi qiymətləndirib. Hakerin sözlərinə görə, alman istehsalçısı elektrikləşdirmədən kənar qala bilməyəcəkdir. Hazırda konkret texnoloji məsələlər üzərində iş gedir, lakin bu texnologiyaların istehsalçının model xəttinə hansı yolla inteqrasiya ediləcəyi məlum deyildir. Əsas məsələ - çəkinin artması və onun avtomobilin manevr qabiliyyətinə təsiridir.

Şirkətdən müasir texnologiyaların ideal olmadığını və onların konkret modellərə adaptasiya edilməsinin məcburi olduğunu bildiriblər. Bununla belə, Haker 2021-ci ilə qədər alman istehsalçısının, M-modellərində tətbiqi asanlaşdıracaq daha effektiv elektrik mühərriklərini və akkumulyatorları hazırlayacağından əmindir. Hibrid texnologiyaların tətbiqindən sonra, istehsalçı daxili yanacaq mühərriklərindən imtina etməyi düşünmür. Əlbəttə ki, qanunvericilik icazə verənə qədər...