Formula 1 və İndyCar çempionatları üçün yarış bolidlərinin şassilərini hazırlayan məşhur Dallara şirkəti ilk avtomobilinin adını qeydiyyata almışdır. Model Stradale adlandırılacaq ki, bu da italyan dilindən tərcümədə “yol üçün” deməkdir.

“Autocar” dərgisinin bildirdiyinə görə, əmtəə nişanı Avropa İttifaqının ərazisində istifadə üçün qeydiyyata alınmışdır. 

Eyni zamanda, şirkət loqotipin təsvirini də dərc etmişdir. Şirkətin banisi Canpaolo Dallaranın bildirdiyi kimi, şirkətin ümumi yollar üçün nəzərdə tutulmuş ilk avtomobili olan Dalla Stradale “adi avtomobil” olmayacaqdır. Onun sözlərinə görə, model ənənəvi qapılara sahib olmayacaqdır. Canpaolo Dallara seriya avtomobili istehsal etmək niyyətində olduğunu hələ 2014-cü ildə açıqlamışdır.

Lakin, italyan iş adamı  o zaman bu işə ayırmağa vaxtının və vəsaitinin olmadığını söyləmişdir. Ehtimallara görə, yeni avtomobil 400 at qüvvəsi hasil edən 2,3-litrlik turbomühərrik və mexaniki ötürmələr qutusunu əldə edəcəkdir. Onun çəkisi 800 kiloqramdan çox olmayacaqdır. İldə 120 ədəd Dallara Stradale modelinin istehsal ediləcəyi bildirilmişdir. Modelin satış qiyməti 65 min avro olacaqdır. Xatırladaq ki,  Dallara Alfa Romeo 4C, KTM X-Bow, Bugatti Veyron və Lamborghini Huracan GT3 modellərinin yaradılmasında iştirak etmişdir.