Chevrolet şirkəti yeni nəsil Corvette ZR1 superkarını Nürburqrinqi fəth etməyə göndərmək fikrindədir. Amerikalı istehsalçı Corvette ZR1 ilə alman trekini yeddi dəqiqədən az vaxta qət etmək istəyir. Bu barədə məlumatı, Corvette layihəsinin baş mühəndisi Tac Yutçer "Road and Track" nəşri ilə bölüşüb.

Chevrolet nümayəndəsi rekord zamanının istehsalçı üçün prioritet təşkil etmədiyini bildirib. O, həmçinin Corvette ZR1 modelinin satışları başladıqdan sonra superkarın Nürburqrinqdə peyda olacağını da söyləyib. Xatırladaq ki, ZR1 modelinin sınaq testləri alman avtodromunda keçirilib, lakin, bu sınaqlar zamanı prototiplər yeyin zamanlar göstərməyiblər.

"Road and Track" nəşrinin bildirdiyinə görə, Nürbuqrinq rəhbərliyi istehsalçılara belə tədbirlərin keçirilməsi üçün xüsusi slotlar verir. Bu slotlar trekin digər avtomobillər üçün bağlanmasını nəzərdə tutur. Chevrolet şirkəti sahib olduğu bir slotu Camaro ZL1 1LE modeli üçün istifadə edib. Kupe “Şimal ilgəyini” 7 dəqiqə 16,04 saniyəyə başa vurub.

Corvette ZR1 superkarı bir neçə gün bundan öncə Dubayda keçirilən avtosalonda təqdim edilib. Corvette ZR1 modelinin kapotu altında 766 at qüvvəsi və 969 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriki qiraşdırılıb. LT5 indeksini almış güc aqreqatı Corvette Z06 modelinin LT4 mühərrikinin əsasında yaradılıbdır.

Mühərrik kombinə edilmiş çiləmə sisteminə (yanacağın çilənməsi həm giriş kollektoruna, həm də silindrə aparılır), təkmilləşdirilmiş interkulerə, gücləndirilmiş dirsəkli vala və həcmi 2,6-litrə qədər yüksəldilmiş Eaton kompressoruna sahib olub. Giris sistemi aktiv çəpərciklərlə təchiz edilibdir. Güc aqreqatı iki növ ötürmələr qutusu ilə təchiz edilə bilər: sifarişçlər yeddi pilləli mexaniki və səkkiz pilləli avtomatik ötermələr qutusu arasında seçim edə bilərlər.

Corvette ZR1 modelinin köndələn ressorlardan ibarət asqı sistemi prinsipcə dəyişməz olaraq qalır. Lakin, asqı sisteminin tənzimləmələrinə yenidən baxılmış və elektronika ilə idarələnən Magnetic Ride amortizatorları əlavə edilmişir. Standart olaraq kupe karbon-saxsı əlyəc mexanizmləri və 20-düymlük təkər diskləri ilə də təchiz edilir.