Ares Design şirkəti “Project Panther” layihəsi çərçivəsində hazırladığı yeni superkar haqqında məlumatı və təsvirləri dərc edib. İtalyan kuzov atelyesi Lotus şirkətinin keçmiş icraçı direktoru, isveçrəli iş adamı Deni Baharın yeni layihəsidir. “Project Panther” layihəsinin əsas məqsədi De Tomaso Pantera sportkarının müasir təsfirini yaratmaqdır.

Yeni superkarın əsasını Lamborghini Huracan superkarının alüminium və karbondan hazırlanmış şassisi təşkil edəcəkdir. Sportkar italyan kupesindən alınmış  5,2-litrlik V10 atmosfer mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Böyük ehtimalla, güc aqreqatı 602 at qüvvəsi hasil edəcəkdir. Avtomobilin əsasını Huracan modeli təşkil etsə də, De Tomaso Pantera modelinin müasir təsfiri özünəməxsus eksteryerə və interyerə sahib olacaqdır.

Superkarın təchizatına işıqdiodlarından gündüz hərəkət işıqları, qalxan fənərlər, kiçik radiator barmaqlığı və karbondan hazırlanmış kapot daxil olacaqdır. Ares Design şirkətindən bildirildiyinə görə, yeni avtomobil üzərində çalışmalar davam edir. 2018-ci ilin ikinci yarısında istehsalına başlanacaq superkar hazırda aerodinamik boruda sınaqlardan keçirilir və onun krəş-testlərinin keçirilməsinə hazırlıq işləri gedir. Yeni superkar Ares Design şirkətinin Modenadakı istehsal müəssisəsində buraxılacaqdır.

Image alt Image alt Image alt