Deyəsən Ferrari şirkətinin rəhbərliyi nəhayət ki ətəyindəki daşı töküb krossover hazırlamaq qərarına gəlib. Əvvəllər Maranelloda Ferrari markası altında krossoverin buraxılması fikrinin belə qorxunc olduğunu bildirmişdilər.

Lakin, rəqiblərin SUV seqmentindəki mövcud olan qaymağı əppəklərinin üzərinə çəkməsi Maranellonu hərəkətə keçməyə vadar edib. Üstəlik qonşu Santa Aqatadakı rəqibin bu gün-sabah bu seqmentə müdaxilə edəcəyi fikri Ferrari menecerlərinin yuxusuna haram qatmaya bilməzdi. Elə bu səbəbdən də Ferrari rəhbərləri 2021-ci ildə hibrid güc aqreqatı ilə təchiz edilmiş krossoveri.... əğstəfürullah, beş qapılı hündür kupeni buraxmaq qərarına gəliblər. Yəni, kişinin sözü bir olar, dedik krossover olmayacaq, demək ki olmayacaq.

Car dərgisinin Maranelloda olan mənbələrinin söylədiyinə görə, avtomobil hətta zavod daxili F16X koduna da malikdir.

Ferrari GTC4Lusso

Yeni hündür kupenin Ferrari GTC4Lusso modelinin xələfinin alüminiumdan olan platformasında yaradılıcağı söylənilir. Elə tam çəkiş sistemini də F16X bu modeldən irsən alacaqdır. Üstəlik avtomobil «suisidal» arxa qapılara malik olacaqdır ki, bu qapılar da hərəkətin əks istiqamətinə açılacaqdır. Yeni modelin kapotu altında səkkiz silindrli mühərrik və ya onun əsasında hazırlanmış hibrid güc aqreqatı olacaqdır.

Car dərgisinin bildirdiyinə görə, yeni model V12 üzünə həsrət qalacaqdır. Yeni modelin ehtimal edilən qiyməti 350 min dollar olmalıdır.

Bu modelin köməyi ilə Maranello satışları ikiqat artıraraq 16 minə çatdırmaq istəyir. Atalar demişkən: «Adın nədir? - Daşdəmir. Yumşalarsan, yumşalar».

Car dərgisinin renderi