Tesla elektromobilləri yaxın gələcəkdə sərbəst şəkildə servisə yollanacaqdırlar. Belə nəticəyə amerikan şirkətinin alman bölməsinin rəhbəri Yohen Rudartın “Manager Magazine” dərgisinə verdiyi müsahibədən gəlmək olar.

“Bizim servis infrastrukturumuz müştərilərin tələbatlarına uyğun olaraq genişlənir. Biz ilin sonuna Tesla avtomobillərinin (Almaniyada) satışlarını iki dəfə artıracaq, servis mərkəzlərinin sayını isə iyirmi altıya çatdıracağıq.  Biz, eyni zamanda, əməkdaşların sayını da iki dəfə artıracağıq. Proqram təminatının yenilənməsi bir sıra hallarda servisə müraciəti əvəz edir. Yaxın zamanlarda Tesla modellərinin tam avtonom olması halında, güman edirəm ki, avtomobillər sərbəst şəkildə servis mərkəzlərinə yollana biləcəkdirlər”, - deyən menecer gələcəyə baxışını isah etmişdir.

Rudat əlavə təfərrüatları açıqlamamışdır. Tesla şirkətinin rəhbərliyinin  avtopilot sistemi üçün belə bir funksiyasının hazırlaması barədə planlarının olub-olmaması hələlik sual altındadır. Ola bilər ki, alman meneceri sadəcə ehtimalları irəli sürmüşdür. Bu günə Tesla şirkəti hər iki aktual model - Model S hetçbeki və Model X krossoveri, - üçün avtopilot sistemini təklif edir. Keçən il şirkət səkkiz dairəvi müşahidə kameralarına, 12 yenilənmiş ultrasəs vericilərinə, təkmilləşdirilmiş radara və kompyüterə malik olan yaxşılaşdırılmış avtopilot sisteminin hazırlandığını bəyan etmişdi.

Yeni sistem əvvəlkinə nisbətən 40 dəfə məhsuldardır.