Bir müddət bundan öncə Hyundai şirkəti Kona modelinin ilk tizerini dərc etmişdir. Bu gün Cənubi Koreya istehsalçısı yeni yığcam krossoverin növbəti tizerini yaymışdır. Təsvirdən də göründüyü kimi, yeni model son modellərdə müşahidə etdiyimiz dizayn üslubunda olan radiator barmaqlığına sahib olacaqdır.

Cənubi Koreya istehsalçısı hazırladığı yeni krossoveri Havay adalarında olan Kona şəhərciyinin şərəfinə adlandırmışdır. 

Bununla belə, istehsalçı avtomobil haqqında heç bir məlumat verməmişdir. Krossover haqqında yeganə məlum olanlar onun adı və dərc edilmiş bu tizerdəki işıq texnikasının formasıdır. Bir çox kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, yeni avtomobilin təqdimatı bu ilin sonunda, yaxud gələn ilin əvvəlində baş tutmalıdır. Yeni krossoverin i20 modelinin bazasında hazırlanacağı və onunla mühərrik qammasını bölüşəcəyi də istisna edilmir. Böyük ehtimalla, Hyundai şirkəti krossoveri sentyabrda işinə başlayacaq Frankfurt avtosalonunda təqdim  edəcəkdir.

Bunun başlıca səbəbi avropalıların yığcam avtomobillərə olan marağıdır. Kona krossoverinin Koreya istehsalçısının qlobal modellərindən birinə çevriləcəyi faktı da bizdə şübhə doğurmur.