Land Rover şirkəti BMW X6 və Mercedes-Benz GLE Coupe modelinin müştərilərini Britaniya istehsalçısının səflərinə çəkəcək yeni kupe-krossover hazırlamaq niyyətindədir. Çox güman ki, bu krossover Range Rover ailəsinin yeni üzvü olacaqdır. Gəzən şaiyələrə görə, britaniyalılar Cenevrədə kupe-krossoverin prototipini nümayiş etdirmək fikrindədirlər.

Yeni kupe-krossover barədə təsəvvür yaratmaq üçün «Autocar» dərgisinin dizaynerlər xüsusi render də hazırlamışdırlar. Britaniya nəşri, Land Rover şirkətinin bu məqsəd ilə, hətta «Velar» adını da dirçəltmək istədiyini bildirmişdir. Xatırladaq ki, Britaniya istehsalçısı 1960-cı ilin əvvəllərində, Range Rover modelini hazırlayan zaman, diqqət çəkməmək məqsədilə Velar adından istifadə etmişdir. Jaguar Land Rover şirkəti artıq Velar adından Jaguar İ-Pace və İ-Type konseptlərinin hazırlanması zamanı da istifadə etmişdir. 

Range Rover Velar prototipinə gəldikdə isə, çox güman ki, Range Rover Evoque və Range Rover Sport modelləri arasında yer alacaq avtomobilin hazırlanması zamanı Jaguar F-Pace modelinin alüminium platformasından istifadə ediləcəkdir. Modelin mühərrik çeşidinə JLR şirkətinin sərəncamında olan benzin və dizel güc aqreqatları daxil edilə bilər. Bundan əlavə, SVR emblemli «bərkgedən» krossoverin də hazırlanacağı istisna edilmir.

Hər halda bizlərə mart ayını gözləmək qalır. Çox güman ki, Land Rover şirkəti İsveçrədəki sərgiyə əli boş qatılmayacaqdır.