«Autocar» dərgisinin Suzuki şirkətinin daxilindəki mənbələrinin verdiyi məlumatda Suzuki Swift htçbekinin növbəti nəslinin Boosterjet ailəsindən olan 1,4-litrlik turbomühərriklə təchiz ediləcəyi bildirilmişdir. Hazırda adı çəkilən dördsilindirli turbomühərrik Vitara krossoverininən ən güclü variantının kapotu altında quraşdırılır. Turbomühərrik 138 at qüvvəsi gücü olan 1,6-litrlik atmosfer tipli mühərriki əvəz edəcəkdir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışacaqdır.

Təəssüflər olsun ki, dərginin Suzuki şirkətindəki mənbəyi turbomühərrikin xarakteristikalarını açıqlamamışdır. Suzuki Vitara S krossoverində quraşdırılmış mühərrikinin gücü 140 at qüvvəsi, fırlanma anı isə 220 Nm təşkil edir.

Swift modelinin «qaynar» variantı idman xarakteristikaları olan asqı sistemi, təkmilləşdirilmiş sükan idarəetməsi və yaxşılaşdırılmış əyləc mexanizmləri ilə təchiz ediləcəkdir. Yeni nəsil Baleno modelinin bazasında hazırlanacaq Swift modelinin növbəti nəslinin 2017-ci ildə debüt edəcəyi ehtimal olunur.

Hetçbekin baza variantının 1,0-litrlik üç silindirli mühərriklə təchiz ediləcəyi bildirilmişdir. Suzuki Baleno modelinin təchiz olunduğu bu mühərrik 111 at qüvvəsinə malikdir. Bundan əlavə, hetçbekin model çeşidinə 90 at qüvvəli 1,2-litrlik mühərrikin də daxil ediləcəyi söylənilir.