Audi şirkətinin bu ayın ortalarında işinə başlayacaq Detroyt avtosalonunda mətbuat konfransını keçirmək planları mövcud deyildir. Bununla belə, istehsalçının yeni nəsil Audi A6 modelinin yaxın aylarda təqdim ediləcəyi də ehtimal olunur.

Keçən ilin dekabrında Audi şirkəti, yeni modelin buraxılışını dəstəkləmək məqsədi ilə, 21 dekabr tarixindən başlayaraq xüsusi film müsabiqəsinə də start verdiyini bəyan etmişdi.  Alman şirkətinin nümayəndələri yeni A6 modelinin dünya təqdimatına «öz baxışını nümayiş etdirəcək gənc və istedadlı rejissorları axtardıqlarını» da bildiriblər. Eyni zamanda, müsabiqədə iştirak etmək arzusunda olan şəxslər daha çox rahatlığı, idman xarakteristikalarını və rəqəmsallığı ön plana çıxarmalıdırlar.

Altı ən yaxşı idaeyanı təqdim edən şəxslər 15 yanvar tarixində yeni Audi A6 modelini sınaqdan keçirmək üçün İnqolştadta dəvət ediləcəkdirlər.  Eyni zamanda, qaliblər təklif etdikləri ideyanı filmə çevirmək üçün 15 min avro məbləğində maliyyə vəsaiti alacaqdırlar. Filmlərin çəkilişi 12 fevral tarixinə kimi başa çatmalıdır. Təqdim olunacaq işlərin arasından seçiləcək üç ən yaxşı film Cenevrə avtosalonunda nümayiş etdiriləcəkdir ki, bu da yeni modelin İsveçrədə təqdim olunacağından xəbər verir.

Audi şirkətindən müsabiqə iştirakçılarına ideyaları üçün ilham mənbəyini yeni nəsil Audi A7 Sportback modelində axtarmaq məsləhət görülüb. Bildiyimiz kimi, yeni liftbek 12,3-düymlük rəqəmsal cihazlar panelinə, həmçinin mərkəzi konsolun yuxarı hissəsində yerləşdirilən 10,1-düymülük  sensorlu displeyə və klimat-kontrola və digər sistemlərin funksiyalarına nəzarəti təmin edən 8,6-düymlük sensorlu displeyə malikdir. Yeni Audi A6 modelinin premium keyfiyyətli Bang&Olufsen səs sistemi, həmçinin beş radiolokasiya vericisi, beş kamera, 12 ulrtasəs vericisi və lazer skanerindən istifadə edən mütərəqqi sürücüyə yardım sistemləri ilə təchiz ediləcəyi də şübhə doğurmur.

Növbəti nəsil A6 ailəsinin mühərrik çeşidinə dörd və altı silindrli güc aqreqatları daxil ediləcəkdir. Bunların arasında 340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli TFSI mühərriki də vardır. Bu mühərriklə təchiz edilən A7 Sportback modeli 100 km/saat həddinə 5,3 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt