Kia şirkəti Avropa bazarında satılacaq yenilənmiş Carens minivenini təqdim etmişdir. Yeddi sərnişin üçün nəzərdə tutulmuş miniven dizayn cəhətdən cüzi dəyişikliklərə məruz qalmış və yeni avadanlıqlar əldə etmişdir. Yenilənmiş Kia Carens modelinin rəsmi təqdimat mərasimi Paris avtosalonunda keçiriləcəkdir.

Yenilənmiş model əvvəlkindən radiator barmaqlığının dizaynı, ön və arxa bamperlərin forması ilə seçilir. Bundan başqa avtomobilin işıq texnikası da dəyişikliklərə məruz qalmışdır. Kia Carens modelinin rəng palitrasına Mysterious Blue çaları əlavə edilmişdir.

Miniven yeni dizaynlı 16,17 və 18 düymlük təkər diskləri ilə də təklif ediləcəkdir. Avtomobilin interyeri dəyişilməz qalmışdır. Miniven Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, yeddi və yaxud səkkiz düymülük sensorlu ekranı olan yenilənmiş multimedia sistemini əldə etmişdir.

Kia Carens miniveninin ən bahalı variantları naviqasiya, arxa görüntü kamerası və JBL səs sistemi ilə təchiz ediləcəkdir. Carens modelinin mühərrik çeşidinə 136 at qüvvəsi gücü olan 1,6-litrlik benzin mühərriki, eyni zamanda gücü 115 və yaxud 136 at qüvvəsi olan 1,7-litrlik dizel müqərriki daxil edilmişdir.