Porsche şirkəti 718 Boxster modelinin «bərkgedən» modifikasiyasını hazırlayır. Təsdiq edilməyən məlumatlara əsasən yeni modifikasiya trek kupesi olan 911 GT3 modelinin altı silindrli mühərriki ilə təchiz ediləcəkdir.

«Autocar» dərgisinin bildirdiyinə görə, "bərkgedən" modifikasiya, avtomobilin əvvəlki nəslində olduğu kimi Spyder adına layiq görüləcəkdir. Beləliklə, rodster 2,0-litrlik turbodördlüyün əvəzinə 4,0-litrlik oppozit mühərriki ilə təchiz ediləcəkdir. Xatırladaq ki, Porsche 911 GT3 modelində bu mühərrik 500 at qüvvəsi və 458 Nm fırlanma anı hasil edir.

Çox güman ki, 718 Boxster modelinə bu aqreqatın bir qədər zəif variantı quraşdırılacaqdır. Deyilənlərə görə, bu mühərrik 430 at qüvvəsinə malik olacaqdır. Standart olaraq güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir. Əlavə ödənişlə yeddi diapazonlu PDK «robotunu» da sifariş etmək mümkün olacaqdır.

Bundan başqa, Spyder modelinin baza variantını səs izolyasiyasının bir hissəsindən, audiosistemdən və kondisionerdən məhrum edərək daha yüngül edəcəkdirlər. Model elektrik ötürməsi ilə qatlanan yumşaq tavana və superkarlara quraşdırılan Michelin Pilot Sport Cup 2 təkərlərinə sahib olacaq.

Hal-hazırda 718 Boxster modelinin ən güclü modifikasiyası GTS indeksini daşıyır.

Porsche 718 Boxster GTS modeli 365 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 2,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir.