Fransanın PSA Peugeot Citroen qrupu Opel şirkətini və onun Britaniyadakı Vauxhall bölməsini General Motors konsernindən aldığını bəyan etmişdir. Bloomberg və Reuters agentliklərinin bildirdiyinə görə, sövdələşmənin dəyəri 2,2 milyard avro təşkil etmişdir.

Bu sövdələşmə PSA Peugeot Citroen qrupunu Avropanın ikinci avtomobil istehsalçısı  etmişdir. Artıq fransız konseprinin Avropadakı bazar payı 16 faiz təşkil edəcəkdir. İrəlidə ancaq 24 faizlik payla Volkswagen konserni liderlik edir. Fransız istehsalçısı bu sövdələşmədə tək iştirak etməmişdir. Opel şirkətinin maliyyə aktivlərinin yarısı PSA Peugeot Citroen qrupuna, digər yarısı isə BNP Paribas maliyyə konqlomeratına mənsub olacaqdır. Ehtimallara görə sövdələşmə bu ilin dördüncü rübündə başa çatmalıdır.

Opel və Vauxhall markalarını əldə etdikdən sonra, fransız istehsalçısının səhmlərinin dəyəri 5,25 faiz artım göstərərək bir səhm üçün 20.06 avroya yüksəlmişdir. Bu 2011-ci ilin iyul ayından bəri olan ən yaxşı nəticədir. Bloomberg agentliyinin bildirdiyinə görə, 90 il müddətində Opel şirkətinə sahib olmuş GM konserni alman istehsalçısını onun qarşısında qoyduğu maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün satmaq qərarına gəlmişdir. Reuters agentliyi isə, Opel şirkətinin satışının GM konserninin Avropa bazarından imtina etməsinə işarə edir.