Red Bull komandasının avstraliyalı pilotu Daniel Rikkardo Mexikoda keçirilən təsnifat mərhələsinin qalibi olub. Komanda yoldaşı Maks Ferstappeni 0,026 saniyə qabaqlayan Rikkardo, Maksın F1 tarixində poul qazanan ən gənc pilot olmasına imkan verməyib.

Monako Qran Prisindən sonra ikinci poulunu qazanan Daniel birinici və ikinci seqmentlərdə komanda yoldaşına uduzda da, üçüncü seqmentdə 1.14,759 zamana imza ataraq Mexikodakı trekin qəti rekordunu qeydə alıb. Üstəlik, Maks Ferstappenin səyi nəticəsindən Milton-Kins komandası ilk sıranı zəbt edib.

İkinci cərgədən titula namizədlər Lyuis Həmilton və Sebastyan Fettel start alacaqdırlar. Hərçənd, Fettelin titul şansı yalnız kağız üstündə vardır - alman pilot mövsüm boyu buraxdığı səhvlərin acı sonluğu ilə barışmaq məcburiyyətindədir. Üçüncü cərgə namizədlərin komanda yoldaşları - Veltteri Bottas və Kimi Rəykkonen qərarlaşıblar. Bu altılıq yarışa UltraSoft şinləri ilə başlayacaqdır.

Renault və Sauber pilotları da tam tərkibdə ilk onluğa daxil olublar: Niko Hülkenberq və Karlos Sayns dördüncü, Şarl Lekler və Markus Eriksson isə beşinci cərgədən yarışa başlayacaqdırlar. Yerli azarkeşlərin sevimlisi olan Serxio Peres vətənindəki yarışa 13-cü yerdən başlayacaqdır.