Skoda şirkəti yenilənmiş Fabia ailəsinin üzərindəki sirr pərdəsini qaldırıb. Əslində, Fabia modelinin eksteryerində baş verən dəyişiklikləri görmək üçün çex brendinin böyük pərəstişkarı olmaq gərəkdir. Modelin kütləvi təqdimatı Cenevrə avtosalonunda baş tutacaqdır.

Beləliklə, barmaqlarınız qatlamağa başlayın. Fabia modeli yenilənmiş işıq texnikasına sahib olub. Avtomobilin ön və arxa fənərləri kiçik tərtibat dəyişikliklərinə məruz qalaraq, işıqdiod texnologiyasına sahib olublar.  Yeri gəlmişkən, Fabia modelinin arxa fənərləri daha iri model olan Octavia liftbekinin arxa fənərlərinə bənzəyir və bunu yaxşı haldır.

İlk dəfə olaraq Fabia modeli 18-düymülük təkər diskləri ilə təklif ediləcəkdir. Lakin, nə hikmətdirsə, bu disklər yalnız hetçbek kuzovuna malik olan modellər üçün əlçatan olacaqdır. Bundan başqa, çex dizaynerləri avtomobilin ön və arxa bamperlərinə də əl gəzdiriblər. Qeyd etmək lazımdır ki, bu dəyişikliklər alıcıların başı alovlu diler mərkəzinə qaçmasını təmin etməyəcəkdir.

Skoda Fabia modelinin salonunda da müəyyən dəyişikliklər vardır. Bunlara misal olaraq, 6,5-düymlük sensorlu ekranı, Bluetooth, USB və SD-kart girişlərinə malik olan multimedia sistemini göstərmək olar. Əgər ürəyinizdən Apple CarPlay, Andriod Auto və MirrorLink əlavələrini dəstəkləyən multimedia keçirsə Swing Plus və Amundsen təchizat səviyyələrinə nəzər salmanız gərəkdir, çünki standart Swing səviyyəsi bu faydalı funksiyalardan məhrumdur. Bundan başqa, avtomobilin təchizatına salonun yeni tərtibat variantları, arxa sərnişinlər üçün iki USB-giriş, planşet saxlayıcıları və ikitərəfli baqaj örtüyü daxil edilib. Fabia Combi modelinin opsional avadanlıq siyahısına işıdiodlarından əl fənəri də daxil edilmişdir. Artıq bütün şüşəqaldıranlar avtomatik funksiyaya malik olublar.  Modelin avadanlıq siyahısına uzaq işığı avtomatik olaraq yaxına dəyişən Auto Light Assist  sistemi, kor zonalara və yol nişanlarına nəzarət  sistemləri də daxil edilib.

Yenilənmiş Fabia modellərinin mühərrik çeşidinə 60 və 75 at qüvvəli 1,0-litrlik üç silindrli mühərrik və onun 95 və 110 at qüvvəsi hasil edən turbo variantı daxildir.  Transmissiyalar altı pilləli mexaniki və yeddi pilləli “robotdan” ibarətdir.

Image alt Image alt Image alt Image alt