Böyük Britaniyanın “Top Gear” dərgisi, ən güclü Tesla modeli olan Model S P100D və “bərkgedən” Mercedes-AMG E63 S 4Matic sedanı arasında yarış təşkil edib. Yarışmadan çəkilən görüntülər nəşrin YouTube kanalındakı rəsmi səhifəsində dərc edilib.

Mercedes-AMG E63 S 4MAtic sedanı 612 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli biturbo mühərriklə və doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Tam ötürməli çəkiş sisteminə malik olan sedan 100 km/saat sürətini 3,4 saniyəyə toplayır.

Tesla Model S sedanı iki elektromotorla təchiz edilir. Öndə quraşdırılan mühərrik 262 at qüvvəsi, arxadakı isə 509 at qüvvəsi hasil edir. Elektromotorlar 100 kilovat-saatlıq batareyalardan qidalanır. Ludicrous Mode rejimində Tesla Model S 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir.