Green Cars nəşrinin bildirdiyinə görə, Tesla şirkətinin ilk elektrik yük avtomobili olan Semi modelinə sifarişlər 1200 ədədi keçib. Jurnalistlər istehsalçının saytındakı öncədən sifarişləri qeydə alan hissədə yük avtomobilinə olan rezervasiya nömrəsinin EO000001230 olduğunu görüblər. Xatırladaq ki, bir müddət bundan öncə, Budwieser pivəsinin istehsalı ilə məşğul olan Anheuser-Busch şirkətinin 40 ədəd Tesla Semi elektrik yük avtomobili sifariş etdiyi məlum olub. PepsiCo şirkəti isə, 100 ədəd Semi sifariş edib.

Şirkət yük avtomobillərindən Budwieser pivəsinin çatdırılması şəbəkəsində istifadə etmək niyyətindədir. Bu, 2025-ci ilə zərərli tullantıların əməliyyat səviyyəsini 30 faiz azaltmağa yardım etməlidir. Anheuser-Busch   ticarət şəbəkəsinin ölçülərini nəzərə alsaq, elektrik yük avtomobillərinin istifadəsi bütün dünya üzrə hər il 500 min avtomobilin istismarından imtina edilməsinə bərabərdir. Bundan öncə 10 Tesla yük avtomobilini sifariş etdiyini DHL xidməti təsdiq edib. Electrek saytının məlumatlarına görə, öncədən sifariş edilən yük avtomobillərinin sayı 200 ədədi keçib.

Tesla Semi elektrik yük avtomobili noyabr ayının ortalarında təqdim edilib. Yük avtomobili arxa oxda yerləşdirilən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Güc qurğusunun xarakteristikaları açıqlanmasa da, yük avtomobilinin 100 km/saat həddinə beş saniyəyə sürətləndiyi və 805 kilometr yürüş məsafəsinə malik olduğu bildirilib. Bundan başqa, İlon Mask Tesla Semi modelinin 40 tonluq yedəklə 60 mil/saat (96 km/saat) həddinə 20 saniyəyə sürətləndiyini bildirib. Eyni zamanda, yüklənmiş avtomobil beş dərəcəlik yoxuşda 105 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır.