Volvo şirkəti Uber xidməti ilə 24 min ədəd avtonom idarəetmə sistemi ilə təchiz edilmiş avtomobillərin çatdırılması barədə saziş imzalayıb. Bu avtomobillər Uber tərəfindən 2019-2021-ci illər arasında alınmalıdır.

Volvo şirkəti Uber xidmətini Volvo XC90 krossoverləri ilə təchiz edəcəkdir. Məhz belə avtomobillər Arizona ştatının Tempe şəhərində taksi xidməti kimi sınaqlarda iştirak edirlər. Krossoveri istənilən şəxs sifariş edə bilər, lakin gediş iki Uber mühəndisinin müşayəti ilə həyata keçirilir. Onlardan biri sürücüdür ki, fövqəladə hal olarsa, həmin şəxs idarəetməyə müdaxilə edə bilər. Əvvəllər Uber xidmətinin XC90 modelindən başqa S90 sedanını və V90 universalını da əldə edəcəyi bildirilmişdi.

Lakin, Volvo bu işdə tək deyildir. 2016-cı ildən Ford Fusion modelinin bazasında yaradılan pilotsuz avtomobil test rejimində sərnişinlərə Pensilvaniya ştatının Pittsburq şəhərində taksi xidməti göstərir.

Bu ilin fevral ayında Uber xidməti Daimler şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə saziş imzalayıb. Bu saziş xidmətin parkında pilotsuz Mercedes-Benz avtomobillərindən istifadəni nəzərdə tutur.

Image alt Image alt Image alt