2019-cu ildən başlayaraq hər bir Volvo modeli elektrik mühərriki ilə təchiz ediləcəkdir. İstehsalçının mətbuat xidmətinin bildirdiyinə görə, bu qərar yalnız daxili yanacaq mühərrikləri ilə təchiz edilən avtomobillərin istehsal edilməsi dövrünün sonu deməkdir.

Yeni strateji plana əsasən, istehsalçının model xəttində mövcud olan hər bir avtomobil ya elektrik və yaxud hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. İsveç markasının rəhbəri Hakan Samuelssonun sözlərinə görə, bu qərar ilk növbədə Volvo müştərilərinin tələblərinə əsaslanaraq qəbul edilib.  2019-cu ildən 2021-ci ilədək beş elektromobilin buraxılması planlaşdırılır. Bunlardan üçü Volvo markası, ikisi isə Polestar brendi altında istehsal ediləcəkdirlər. Bu ilin iyun ayında şirkətin «qaynar» modellər hazırlayan tüninq bölməsinin ayrıca «qaynar» elektromobil istehsalçısına çevriləcəyi bilidirilib. 

Elektromobillərlə yanaşı, Volvo şirkəti məişət elektrik şəbəkəsindən doldurula bilən benzin və dizel hibridlərinin də buraxılışını təşkil edəcəkdir. Bu avtomobillər 48 voltlu şəbəkəyə və kiçik elektrik mühərrikinə sahib olacaqdırlar. Bununla belə, bu avtomobillər barədə əlavə məlumat verilməmişdir.