Volkswagen şirkətinin adını Voltswagen’ə dəyişdirməsi ilə bağlı olan 1 aprel zarafatı ABŞ-ın Qiymətli Kağızlar Komissiyasının (QKK) araşdırmasına səbəb olacaqdır. CNN Business nəşrinə müsahibə verən Uoll-Strit analitiklərinin gəldiyi nəticə budur.

Xatırladaq ki, 29 martda Volkswagen of America bölməsi, bu gündən etibarən avtomobillərin elektrik gərginliyinin ölçü vahidi olan voltun şərəfinə adlandırılmış yeni Voltswagen markası altında satılacağının bildirildiyi mətbuat açıqlamasını mətbuata sızdırıb. Xatırladaq ki, gərginliyin ölçü vahidi alim Alessandro Voltun adını daşıyır.

30 martda isə, adın ABŞ-da dəyişdiriləcyi rəsmi olaraq elan edilib. 31 martda Almaniyadakı Volkswagen konserninin mənzil-qərargahı hər şeyi inkar edərək, bu xəbərin amerikalı həmkarlarının 1 aprel zarafatı olduğunu bildiriblər. Daha sonra bölmə nümayəndələri yalanı 1 aprel tarixində etiraf etməyi planlaşdırdıqlarını bildiriblər.

Şübhəli bir təsadüf nəticəsində 29 - 31 mart tarixlərində alman markasının rəqiblərinin (Mini, Lexus, Kia, Genesis) bir sıra yeni elektromobilləri təqdim olunub. Mercedes-Benz isə, eyni zamanda, elektrikləşdirmə ilə bağlı yeni məlumatları açıqlayıb. Ancaq "zarafatı" sayəsində, Volkswagen hər kəsin diqqətini öz üzərinə çəkməyə müvəffəq olub.

Deyəsən, Volkswagen zarafatın şitini çıxarmaq qərarına gəlib. 1 apreldə alman şirkəti yenidən adını Voltswattsen'ə dəyişəcəyini bildirib. Bu dəfə, almanlar Alessandro Volt ilə yanaşı Ceyms Uattı xatrılatmaq istəyiblər

Qeyd edək ki, Birləşmiş Ştatlar bəlkə də şirkətlərin açıq bəyanatları ilə bağlı dünyada mövcud olan  ən sərt qanunvericiliyə malikdir. Xüsusilə, orada səhmlərin qiymətinə və investorların gəlirlərinə təsir göstərə biləcək qəsdən yalan məlumatların yayımlanması açıq şəkildə qadağandır. Volkswagen konserninin qiymətli kağızları Avropada satılır, lakin bu səhmlərin sahibləri ABŞ vətəndaşları da ola bilər. Analitiklər hesab edirlər ki,Qiymətli Kağızlar Komissiyası bu zarafata görə avtomobil istehsalçısını cəzalandıra bilər.

Qeyd edək ki, adın dəyişdirilməsi barədə ilk xəbəri çıxdıqdan sonra, Volkswagen şirkətinin səhmləri təxminən 5% bahalaşıb. Bunun bir zarafat olduğu məlum olduqda, səhmlər ucuzlaşsalar da, amma indi demək olar ki, əvvəlki səviyyəyə qayıdıblar.

Volkswagen şirkəti hələlik QKK-dan sorğu almadığını söyləyir. Şirkət bunun ilk 1 aprel zarafatı olmadığını xatırladıb. Məsələn, 2003-cü ildə, istehsalçı beşinci nəsil Golf modelinin buraxılışı şərəfinə Volfsburq şəhərinin bələdiyyəsini şəhərin adını Qolfsburqa dəyişdirməyə razı salıb. 2 aprel tarixində isə şəhərin əvvəlki adı geri qaytarılıb.